2019-cu ildə Bakı metropoliteni tarixində xüsusi yer tutacaq daha bir sosial layihə keçirilib. Мay ayının 1-dən 15-dək ölkəmizdə təşkil edilmiş 3-cü "Imagine" Avropa Tolerantlıq Festivalının birinci tədbiri məhz metropolitenin “İçərişəhər” stansiyasının vestibülündə baş tutub.
Tədbirdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, onun birinci müşaviri Denis Daniildis iştirak ediblər.
Səfir Yankauskas Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində əlaqələrin dərinləşdirilməsi, inteqrasiyanın sürətləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində artıq 3-cü dəfədir keçirilən Festivalın əhəmiyyətini vurğulayıb. Bu dəfə tədbirlərin həm də ilk dəfə Gəncədə təşkil ediləcəyini, həmçinin Bakının ictimai sərnişindaşıma nəqliyyatında əhəmiyyətli yeri olan metropolitenin “İçərişəhər” stansiyasında başlamasının əhəmiyyətini qeyd edib.
Tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva festivalın ilk tədbirinin məhz metropolitendə keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. O, bildirib ki, “Bakı Metropoliteni” QSC sosialyönümlü fəaliyyətində dünyəvi dəyərlərin təbliğinə xüsusi diqqət ayırır. Ənənəvi olaraq stansiyalarda keçirilən sərgilər və aksiyalar bunun bariz nümunələridir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov festivalın ictimai sərnişindaşıma sektorunda xüsusi çəkisi olan, eyni zamanda sosial layihələri ilə Azərbaycanın və dünyanın mədəni-mənəvi irsinin təbliğatına, ortaq dəyərlərin tərənnümünə əhəmiyyətli yer ayıran Bakı metropolitenində keçirilməsinin rəmzi xarakter daşıdığını deyib və sərnişinləri, şəhərimizin qonaqlarını bir saat davam edəcək konserti dinləməyə dəvət edib.
Konsertdə əslən Çilidən olan belçikalı saksafonçu Marselo Monkada çıxış edib. Tenor saksafon ifaçısı Marselonun ifası dinləyicilərini caz improvizasiyası aləminə səyahətə çıxarıb.
Saksafonçu açıqlamasında bildirib ki, Azərbaycanda olmağından çox məmnundur. Keçirilən festivalın Avropa və Azərbaycan üçün birgə əməkdaşlıq, qarşılıqlı münasibətlərin, mədəni əlaqələrin qurulması baxımından faydalı olacağını da əmin olduğunu ifadə edib.
Bakı və Gəncədə keçirilməsi nəzərdə tutulmuş tədbirlər Şərq Tərəfdaşlığının 10 illik yubileyinə təsadüf edib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti "United Cultures" əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər İttifaq ölkələri ilə yanaşı, Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirlikləri ilə birlikdə mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərinin tanıdılmasına yönəlmişdi.