2019-cu ildə də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində geniş, maraqlı layihələrin fonunda keçirilib. Bayramda "Bakı Metropoliteni" QSC-nin uşaqlara həsr olunmuş bir-birindən fərqli üç layihəsi təqdim olunub. Fərqli olduğu qədər də bir-birini tamamlayan bu layihələrin eyni məkanda və vaxtda keçirilməsi silsilə tədbirlərə festival ovqatı qatıb.
"İçərişəhər" stansiyasında Azərbaycanın məşhur uşaq mahnılarının sədaları altında keçən tədbirin maraqlı tədbirlərdən biri ən oxunaqlı uşaq kitabının kiçik sərnişinlərimizə paylanılması olub. “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin qələmə aldığı  “Bakı uşaqlar üçün” adlı kitabını kiçik yaşlı oxucularına imzalayaraq şəxsən paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib. Şən, hazırcavab “Bakılı oğlan” məzəli zarafatları, söhbətləri ilə metronun nəinki balaca sərnişinlərinə, böyüklərə də xoş anlar yaşadıb.
Müxtəlif uşaq tamaşalarının personajları, uzunayaqların, birtəkərli velosipedçilərin jonqlyor oyunlarından ibarət cəlbedici şou-proqram, xüsusən uşaqların sevimlisi olan, xüsusi dəvət edilmiş Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin nümunəvi çıxışları heyranlıqla qarşılanıb. Şən təlxəklərin zarafat və oyunları da balacalarımızı əyləndirib. Onlar bəzəkli şarlardan düzəltdikləri fiqurları da balaca sərnişinlərə paylayıblar.
Al-əlvan şoular və rənglər festivalına çevrilmiş tədbirlər metro qatarlarında da özünəməxsus tərzdə davamını tapıb. Bir il əvvəl olduğu kimi, bu dəfə də stansiyaların adlarını uşaqlar elan ediblər.