«Bakı Metropoliteni» QSC-nin növbəti sosial aksiyası metropoliten obyektinin yerləşdiyi yaşayış massivində həyata keçirilib.
Qeyd edək ki, Bənövşəyi xəttin tunellərinin inşası zamanı Nəsimi rayonunun Asif Məhərrəmov küçəsi, 64 ünvanında yerləşən yaşayış məhəlləsində 2013-cü ildə tunel şaxtasının inşasına başlanmışdı. İnşaatın aparıldığı müddətdə tikinti-quraşdırma məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, metropolitenin istismarına verilmiş ərazi indi tam yeni görkəmdə sahiblərinə qaytarılıb. Lakin burada yaşayış məhəlləsinin yerləşdiyini və sakinlərin yaranmış vəziyyəti anlayışla qarşıladığını nəzərə alaraq, «Bakı Metropoliteni» QSC daha bir sosial aksiyası çərçivəsində əvvəlki kiçik istirahət köşkünün əvəzində sakinlərə rahat və səliqəli həyət təhvil verib.
Aksiya çərçivəsində həyətdə geniş abadlaşma tədbirləri yerinə yetirilib.
Əraziyə yeni asfalt örtüyü döşənib, yaşıllıq zolağı salınıb. Məhəllənin azyaşlı sakinləri də yaddan çıxarılmayıb və onların əylənməsi üçün müvafiq oyun guşəsi qurulub, attraksionlar yerləşdirilib.