"Bakı Metropoliteni" QSC-nin iki gün davam edən Şaxta baba və Qar qızlı, bayram ovqatlı layihəsinin ikinci günü də zəngin və maraqlı proqramla davam edib. Yeni ilin rəmzi qəhrəmanları yeni il mahnılarının sədaları altında bəzəkli şam ağacının quraşdırıldığı “İçərişəhər” stansiyasının vestibülündə sərnişinləri qarşılayıblar. Qar qızla uşaqlar səs-səsə verib, Şaxta babanı səsləyiblər. "Yeni iliniz mübarək" təbrik və arzuları ilə Şaxta baba uşaqların qarşısına çıxıb. Dadlı-duzlu söhbətləri, sualları, tapmacaları ilə şənliyə başlayan Şaxta baba şeir, nəğmə hədiyyəsini alaraq, Qar qızla birlikdə xurcunundan uşaqlara Yeni il sovqatları paylayıb. 
Uşaqlar arasında populyar olan, ilin ən dəbli personajlarına çevrilmiş və ilk dəfə Bakı metropolitenində balaca sərnişinlərin görüşünə gəlmiş nəhəng oyuncaqlar da yeni il şənliyində onlara sürpriz edib. 
Şaxta baba və Qar qız stansiyaya enərək "İçərişəhər" stansiyasının hərəkətin olmadığı 1-ci baş yolunda nümayiş etdirilən “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli  vaqonların qoşulduğu qatarda da azyaşlı sərnişinlərə hədiyyələr paylayıblar. Sərnişinlər Yeni il qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər. 
Budəfəki yeni il şou-proqramının sərnişinlərə daha bir sürprizi Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyevin fokus nömrələri olub. Anar Əliyevin fərqli çıxışları sərnişinlərdə böyük maraq yaradıb. 
Tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradıb.
"Gələn görüşlərədək" deyərək Şaxta baba və Qar qız yeni macəralar, sərgüzəştlər ardınca yollanıblar.