Tərkibində  sanatoriya-profilaktoriya,  istirahət zonası və  idman-sağlamlıq kompleksi olan Səhmdar Cəmiyyətin Sağlamlıq Mərkəzi müəssisə əməkdaşlarının sağlamlıqlarının bərpa edilməsi, möhkəmləndirilməsi, həmçinin istirahətinin səmərəli təşkili məqsədi ilə təsis edilmiş bir qurumdur. Bu strukturun ümumi sahəsi 3 ha olan sanatoriya-profilaktoriyası və  istirahət zonası paytaxtın Bilgəh qəsəbəsində, idman-sağlamlıq kompleksi isə "Nərimanov" elektrik deposunun ərazisində yerləşir.

İstirahətin özəl məkanı «Bilgəh»

Bilgəh qəsəbəsindəki sanatoriya-profilaktoriya və istirahət zonası metropolitençilərin fəxridir. 40 ildən artıq metropolitençilərə xidmət göstərən  «Bilgəh» istirahət sahəsində bir sıra yenidənqurma işlərinin aparılması qlobal sosial proqramın təməlində dayanır. 2014-cü ildə yay istirahət mövsümü başa çatdıqdan dərhal sonra sahədə təmir, inşaat işləri başladı.
2015-ci il mövsümündə «Bilgəh» ilk sakinlərini böyük yeniliklərlə qarşıladı. İstirahət məkanında köhnə, birmərtəbəli evciklərin ləğv olunması, onların kottec tipli müasir ikimərtəbəli evlərə çevrilməsi üzrə işlərin davamı olaraq, bu dəfə 5 yeni bina tikildi. Onlardan 3-ü dörd (mansard nəzərə alınmaqla), 2-i isə iki mərtəbəlidir. İkiotaqlı mənzillərdə hər bir şərait yaradılıb: otaqlar çox gözəl, rahatdır, bütün lazımi avadanlıqla, qab-qacaqla təchiz olunmuş mətbəx, gözəl duş otağı, mebel, televizor. Bu ildən otaqlara mərkəzi sistem vasitəsilə istilik verilir. Bu da istirahət mövsümünün soyuq havaları da əhatə etməsinə imkan yaradır.
İstirahət zonasında həyətin işıqlandırılma sistemi tamamilə yeniləşdirilib, 380 V-luq paylayıcı lövhələr quraşdırılıb. Yeni dörd mərtəbəli binaların arxasında salınan park həm yaşlıların, həm də uşaqların sevimli istirahət məkanına çevrildi. Orada mini-futbol meydançası, uşaqlar üçün dəniz qumu tökülmüş guşə, yelləncəklər, iri fiqurlu şahmat meydançası, tennis stolları bütün yaş qruplarından olanları cəlb edir. Parkın ortasındakı fəvvarə sensorlu idarəetmə sistemi ilə işləyir, yaxınlaşdıqda işə düşür və axşam qaranlığında onu seyrə dalanları müxtəlif rəng çalarları ilə qarşılayır. Bu il isə istirahət sahəsində çimərlik voleybolu, basketbol meydançası istifadəyə verilib.
Ərazidə müasir tələblərə cavab verən qazanxana quraşdırılıb, yeni tikilən kottec tipli evlərə su və kanalizasiya xətləri çəkilib, suqızdırıcılar qoyulub.
Ərazidə aparılan abadlıq işləri mütəmadi olaraq davam edir. Bu il oraya köşklər qoyulub, skamyalar yenilənib, üstüörtülü parkinq istifadəyə verilib.
Sanatoriya-profilaktoriyanın mətbəxi tamamilə yeniləşib, orada müasir avadanlıqlar quraşdırılıb. Yeməkxana yeni istilik xətti ilə təmin edilib, zalın divarında iri ekranlı televizor quraşdırılıb. Xidmət üsulunda da yeniliklər var. Xörəklərin çeşidi artıb, keyfiyyəti yüksəlib.

Yeni tipli müalicə xidməti

Sanatoriya-profilaktoriyanın müalicə otaqlarındakı yeniliklər də dərhal diqqəti çəkir. Burada tibbi-müayinə avadanlığı bütünlüklə yeniləşib. Profilinə uyğun olmayan otaqlarda bəzi dəyişikliklər edilib. Baş həkim Naidə Hüseynova metropolitençilərin sağlamlığının keşiyində durmağa daha layiqli, tibbi təhsili olan mütəxəssisləri cəlb edib. Bu da müalicə bölməsində fizioterapevtik prosedurların sayının artırılmasına imkan yaradıb. Köhnə yararsız avadanlıqlar ABŞ, İtaliya, Çexiya istehsalı olan tibbi-müayinə cihazları ilə əvəz edilib. Bu gün sanatoriyanın tibb heyəti metropolitençilərin müalicəsində işıq terapiyasından, inhalyasiyanın bütün növlərindən, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, maqnit terapiyasından, Naftalan və parafin müalicəsindən, impulsiv masaj və müalicəvi idmandan, ultrasəs müayinəsindən istifadə edir. Sanatoriyada dincələnlərin, müalicə kursu keçənlərin qidalanmasına da münasibət fərqli şəkildə təşkil olunub.

Asudə vaxtının səmərəli təşkili
"Nərimanov" elektrik deposu ərazisində fəaliyyət göstərən idman-sağlamlıq kompleksi metro işçilərinin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Kompleksdə fəaliyyət göstərən süni örtüklü mini-futbol və tennis-voleybol meydançalarında  Metropoliten kollektivləri arasında daxili spartakiadaların keçirilməsi ənənəvi hal alıb.
Metropolitençilər ölkə bədən tərbiyəsi və idman hərəkatının da fəalları cərgəsindədirlər. Komandalarımız müxtəlif turnirlərlə yanaşı, «Zenit» İdman Cəmiyyətinin xətti ilə hər il Müstəqillik günü münasibətilə təşkil edilən spartakiadanın daimi iştirakçısıdır. 2014-cü ildə metropolitençilər ilk dəfə bu yarışların komanda hesabında qalib oldular. Komanda 2016-cı ildə də ümumi hesabda 1-ci yeri tutub.
Kompleksdə həmçinin su hovuzu, fitnes zalı da fəaliyyət göstərir ki, işçilər idman-sağlamlıq kompleksinin bu imkanlarından da lazımınca bəhrələnirlər.