Sərnişinlər üçün

Fiziki imkanları məhdud sərnişinlərin metrodan istifadəsini asanlaşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC liftlərin quraşdırılması mümkün olmayan stansiyaları müxtəlif avadanlıqlar, işarələr və işçi heyəti ilə təmin edib, həmçinin bütün 81/717-714 tipli vaqonlardan ibarət qatar tərkiblərində əlil arabaları üçün yerlər hazırlanıb. Əlil arabası ilə Bakı metropolitenindən istifadə etmək istəyən şəxslər əvvəlcədən sifariş etməklə metropoliten əməkdaşlarının köməyindən yararlana bilərlər.


Sifarişin verilməsi
Aşağıdakı şəxslər metropoliten işçilərinin onları müşayiət etmələri üçün sifariş verə bilərlər:
• əlil arabası ilə hərəkət edənlər;
• əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;
• görmə qabiliyyəti məhdud olanlar;
• eşitmə qabiliyyəti məhdud olanlar;
• uşaq arabacıqları ilə hərəkət edənlər;
• ahıllar;
• əl yükü olan hamilə qadınlar.

Metropoliten işçilərinin köməyindən yararlanmaq istəyən yuxarıda qeyd edilən şəxslər ən azı 1 (bir) saat, ən çoxu 24 (iyirmi dörd) saat əvvəlcədən metropoliten üzrə növbətçiyə
+994 50 268 00 65
nömrəli telefona zəng etməklə, mesaj göndərməklə və ya
https://play.google.com/store/apps/details?id=az.besmobile.metro
linkdə qeyd edilən mobil əlavə vasitəsilə xidməti sifariş edə bilərlər. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir.
Bu xidmət sərnişin axınının gur vaxtı səhər saat 07:00-dan 09:30-dək və axşam saat 17:30–dan 19:30–dək olan müddət ərzində həyata keçirilmir.
Sifariş 09:00-dan 21:00-dək icra olunur.

Liftlərlə təchiz edilmiş stansiyalar
Fiziki imkanları məhdud, xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin köməyi və müşayiəti olmadan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarına daxil olub oranı tərk edə bilərlər. Digər stansiyalarda lift olmadığı üçün xüsusilə əlil arabasından istifadə edən şəxslər metropoliten işçilərinin müşayiəti və köməyi ilə stansiyalara daxil olub, oranı tərk etməlidirlər.
Sifariş icra edilərkən nəzərə alınmalıdır:
• Əlil arabasından istifadə edən sərnişin qatarın birinci vaqonuna mindirilir;
• Əlil arabasından istifadə edən sərnişin pilləkənləri və eskalatorları düşərkən, ən azı iki nəfər xüsusi qurğu ilə təchiz edilmiş metro işçisi onu müşayiət edir. Bu müddət ərzində sərnişinin təhlükəsizliyini təmin etmək üçün onlardan biri arabanın arxasında, digəri isə sürahinin əks tərəfində (əlil arabasının qarşısında) dayanır.
• Əlil arabası öncə böyük təkərləri olan tərəfdən vaqona mindirilir.


SORĞUDA İŞTİRAK ÜÇÜN KEÇİD : LINK