Sərnişinlər üçün

METROPOLİTENDƏ TƏHLÜKƏSİZLİK QAYDALARI

SƏRNİŞİNİN YADDAŞ KİTABÇASI

 

ÜMUMİ TƏHLÜKƏSİZLİK QAYDALARI

DİQQƏT!
Metropoliten ərazisində:

  • - davranışına, geyiminə, görkəminə, üstündəki və ya əlindəki əşyalara və s. görə şübhəli və ya təhlükəli adam gördükdə dərhal diqqət cəlb etmədən polis əməkdaşına və ya metropoliten əməkdaşına məlumat vermək lazımdır;
  • - sahibsiz, yaddan çıxıb qalan çanta, portfel, paket, şübhəli əşya bağlama və s. aşkar etdikdə, onu açmadan və ona toxunmadan dərhal polis əməkdaşına və ya metropoliten əməkdaşına məlumat vermək lazımdır;
  • - təhlükəli nasazlıq, şübhəli kənar səs, uçqun, yanğın və s. aşkar etdikdə dərhal metropoliten əməkdaşına məlumat vermək lazımdır.

Metropolitendə bir nəfər üçün daşınmasına icazə verilən əl yükünün sayı ikidən çox olmamalıdır. Əl yükünün sayının daha çox olması səbəbindən avtomat buraxılış məntəqəsindən keçərkən, eskalatorda, pilləkən marşlarında hərəkət edərkən, qatara minib-düşərkən, xüsusən ekstremal hallarda təxliyə olunarkən, yarana biləcək fəsadlar Sizin və digər sərnişinlərin xəsarət alması ilə nəticələnə bilər.

Stansiyada qatar gözləyən sərnişinlərə qatar gəlib dayanana, vaqonların qapılarının açılmasına və sərnişinlərin düşməsinə qədər platformanın kənarındakı hüdud xəttini keçmək olmaz. Əks halda, qatarın güzgüsü və ya gövdəsi Sizə toxunaraq, ciddi fəsadlar törədə bilər.

"Ehtiyatlı olun! Qapılar bağlanır" elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək olmaz. Əks halda, qapılar bağlanarkən, Sizə xəsarət yetirə bilər; əşyanız, çantanız və ya paltarınızın hissəsi qapının arasında qala bilər; qatar sizi sürüyərək ciddi fəsadlar törədə bilər.

Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər uyuşdurucu maddələr qəbul edərək, sərxoş vəziyyətdə stansiyaya daxil olmaq və vaqonda getmək olmaz. Sərxoşluq insanın mərkəzi sinir sisteminin fəaliyyətinə təsir göstərərək, psixi və nevroloji pozuntular yaradır ki, bu da sərnişinlər arasında xoşagəlməz halların baş verməsinə səbəb ola bilər.

Məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərə daxil olmaq qadağandır. Məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar qarşıda Sizin bilmədiyiniz hər hansı təhlükənin olduğundan və ya ola biləcəyindən xəbər verir.

Ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükünü aparmaq olmaz. Əl yükünün ölçülərinin daha çox olması səbəbindən avtomat buraxılış məntəqəsindən keçərkən, eskalatorda və pilləkən marşlarında hərəkət edərkən, qatara minib-düşərkən, xüsusən də ekstremal hallarda təxliyə olunarkən, Siz və digər sərnişinlər xəsarət ala bilər.

Bükülməmiş, bağlanmamış və bərkidilməmiş, sərnişinlərə xəsarət yetirə bilən əl yükünü (şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.) aparmaq olmaz. Belə yüklərin daşınması eskalatorda hərəkət edərkən, qatara minib-düşərkən, xüsusən də ekstremal hallarda təxliyə olunarkən, Sizin və digər sərnişinlərin xəsarət almasına səbəb ola bilər.

Əl yükünün daşınması üçün təkərli vasitələrdən (çanta-arabacıqlar istisna olmaqla) istifadə etmək olmaz. Təkərli vasitələr eskalatorda, sərnişin platformasında və s. əlinizdən çıxa və sərnişinlərə xəsarət yetirməklə digər fəsadlar törədə bilər.

Özbaşına stansiya yollarına düşmək, vaqonun idarəetmə kabinasına, xidməti və xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və Bakı Metropoliteninin çəpərlənmiş digər ərazilərinə daxil olmaq qadağandır.

İşlək vəziyyətdə olmayan eskalatordan icazəsiz istifadə etmək qəti qadağandır.

Eskalatorda sürahiyə dirsəklənmək olmaz. Eskalator hər hansı səbəbdən qəfil dayansa, yıxılıb xəsarət ala bilərsiniz.

Eskalatorda sürahinin üstünə əşya qoymaq olmaz. Əşya əlinizdən çıxa bilər, digər sərnişinlərə xəsarət yetirər.

Eskalatorun sürahisini çıxarmaq olmaz. Sürahi tədricən dartılıb qırılar, Sizə və digər sərnişinlərə ciddi xəsarət yetirə bilər.

Eskalatorun tərpənməz gövdəsi üzərinə hər hansı əşyanı atmaq olmaz. Maili səthdə əşyanın sürəti artaraq, digər sərnişinlərə xəsarət yetirə bilər.

Eskalatorda qaçmaq olmaz. Eskalator qəfil dayanarsa, yıxılıb xəsarət ala bilərsiniz və digər sərnişinlərin də yıxılıb xəsarət almalarına şərait yaradarsınız.

Eskalatorda oturmaq olmaz. Eskalatorun pillələri üfüqi vəziyyət alarkən, bədəninizin hissəsini sıxaraq xəsarət yetirə bilər.

Eskalatorda zərurət olmadan ballüstradada yerləşdirilmiş "Stop" açarından istifadə etmək olmaz. Bu eskalatoru qəfil dayandırar və sərnişinlər yıxılıb xəsarət ala bilər.

Tezalışan, toksik və zəhərləyici maddələr, əşyalar və mayelər, məişət qaz balonları aparmaq olmaz. Tara zədələnərək, maddə, maye və ya qaz ətrafa dağılar, ciddi fəsadlar törədə bilər.

Açıq oddan, pirotexniki qurğulardan (fişənglərdən, partlayıcılardan və s.) istifadə etmək olmaz. Bunlar tüstülənməyə, yanğına səbəb ola bilər və sərnişinlər arasında təlaş yaradar.

Odlu silah, deşici əşyalar aparmaq olmaz. Eskalator və ya qatar qəfil dayandığı halda Siz müvazinətinizi itirib yıxıla bilərsiniz, bu halda özünüz və digər sərnişinlər xəsarət ala bilər.

Yollara hər hansı əşyanı atmaq olmaz. Yollara atılan əşya sərnişin qatarının qəza-ya uğramasına səbəb ola bilər.

Platformada qaçmaq, məlumat göstəriciləri ilə müəyyən olunmuş hərəkət istiqamətinə riayət etməmək, mütəşəkkil sərnişin axınına mane olmaq qadağandır. Çünki yıxıla bilərsiniz və ya digər sərnişinləri də yıxa bilərsiniz ki, bu da Sizin və digər sərnişinlərin xəsarət almasına səbəb olar.

Qatarın hərəkəti zamanı vaqonun qapılarını açmaq olmaz. Bu qatarın qəfil dayanmasına səbəb olar, Siz və ya digər sərnişinlər tunelə yıxıla bilər və yaxud vaqonun içində yıxılaraq ciddi xəsarət ala bilərsiniz.

Metropoliten ərazisində diyircəkli konkilərdə, lövhələrdə və digər analoji təkərli və diyircəkli vasitələrdə hərəkət etmək olmaz. Çünki yıxıla bilərsiniz və ya digər sərnişinləri yıxa bilərsiniz ki, bu da Sizin və digər sərnişinlərin xəsarət almasına səbəb olar.

Uca səsli audiotexnikaya qulaq asmaq, səsgücləndiricilərdən istifadə etmək və musiqi alətlərində çalmaq olmaz. Çünki verilən səsli elanları eşitməyə bilərsiniz, digər sərnişinlərin eşitməsinə mane olarsınız, elana müvafiq olmayan davranış Sizin və digər sərnişinlərin xəsarət almasına səbəb olar.

Müvafiq elandan sonra sərnişinsiz hərəkət etməli olan qatara minmək olmaz. Qatardakı sərnişinlər isə mütləq qatardan düşməlidir. Çünki, adətən, bu halda qatarlar sərnişinlərin olması nəzərdə tutulmayan əraziyə yola düşür və həmin ərazilərdə Sizin şəxsi təhlükəsizliyiniz təmin olunmur.

Bakı Metropoliteninin bütün obyektlərinə, o cümlədən ventilyasiya şaxtaları köşklərinə 25 m-dən yaxın məsafədə zibil yandırmaq və tonqal qalamaq olmaz. Çünki güclü ventilyasiya sistemi tüstünü stansiyalara və tunellərə vurar, bu da sərnişinlərin sağlamlığı üçün fəsadlar törədə bilər.

Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan metropolitenin elektrik şəbəkəsi-nə elektrik işlədiciləri qoşmaq olmaz. Bu hal fiderin və ya qidalandırıcı avadanlığın ifrat yüklənməsinə gətirib çıxara bilər və müxtəlif fəsadlar törədə bilər.

 

 
SƏRNİŞİN PLATFORMASININ HÜDUDLARINDA
YOLA YIXILARKƏN TƏHLÜKƏSİZLİK QAYDALARI

Sərnişin platformasının hüdudlarında yola yıxılarkən, ilk öncə düşdüyünüz yerdən tərpənməmək, həmin yerdə qalmaq məsləhətdir. Özbaşına sərnişin platformasına qalxmağa cəhd etsəniz, elektrik gərginliyi altına düşə bilərsiniz.
Əvvəlcə qatar gözlənilən tərəfə baxmaq, qatarın gəlib-gəlmədiyini müəyyən etmək lazımdır.
Əgər qatar artıq yaxınlaşırsa, başınız qatar gələn istiqamətə olmaqla üzü aşağı relslərin arasındakı qanova uzanmaq və tərpənməmək lazımdır.
Əgər qatar və ya qatarın işığı hələ görünmürsə, düşdüyünüz yerdə qalmaq şərtilə özünüz və ya digər şərnişinlər vasitəsilə metropoliten əməkdaşına və ya polis əməkdaşına məlumat vermək lazımdır ki, təhlükəsizliyinizi təmin etmək şərtilə Sizi yoldan çıxarsınlar.

 

YANĞIN ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARI

Stansiyada olarkən, yanğın (tüstülənmə, qığılcımlanma, alovlanma) aşkar etdikdə, dərhal metropoliten əməkdaşına məlumat vermək lazımdır. Qatarda olduğunuz halda vaqonun içində yanğın hadisəsi aşkar etdikdə, dərhal “sərnişin-maşinist” rabitəsi vasitəsilə qatarın maşinistinə məlumat vermək lazımdır. Sonra metropoliten əməkdaşlarının təlimatlarına uyğun hərəkət etmək məsləhətdir.
Məcburiyyət qarşısında qalmadığınız halda özbaşına təxliyə olunmaq məsləhət deyil.
Tuneldə, qatarda olduğunuz halda, yanğın baş verərkən, özbaşına qatarı tərk etmək daha təhlükəlidir. Çünki sərnişin vaqonunun hər iki yan tərəfində olan cərəyan qəbulediciləri və bir çox vaqonaltı avadanlıqlar yüksək gərginlik altında olur, eyni zamanda, təmas relsi (3-cü rels) yüksək gərginlik altında olur.

İstisna halda, məcburiyyət qarşısında təxliyə olduğunuz halda,
tuneldə aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:

• vaqondan düşərkən, 1-ci və 4-cü qapılarından düşmək olmaz, çünki cərəyan qəbulediciləri həmin qapıların qarşısında yerləşir və gərginlik altında ola bilər, vaqonun 2-ci və 3-cü qapılarından düşmək lazımdır;
• tuneldə vaqonların yanından keçərkən vaqona toxunmaq olmaz, belə ki, o hərəkətə başlaya bilər, cərəyan qəbuledicisində yüksək gərginlik ola bilər;
• tuneldə yol boyu hərəkət edərkən, yolun təmas relsinin əks tərəfi ilə hərəkət etmək lazımdır;
• şpalların üstü ilə yerimək olmaz;
• avadanlıqların detallarının və qovşaqlarının üstünə, relslərin, kabellərin üzərinə ayaq qoymaq olmaz;
• yaş dəsmalı ağzınıza tutub nəfəs alsanız, bu nəfəs orqanlarınızı tüstüdən müəyyən qədər qoruyar.