z

Dünyanın ilk metrosunun açılmasından 160 il keçir

Dünyanın ilk metrosunun açılmasından 160 il keçir

10 YANVAR / 2023 / 15:48

160 il əvvəl ilk yeraltı sərnişin qatarı Londonda - “Paddinqton” və “Farrinqdon” stansiyaları arasında hərəkətə gəlib. Bu dünyada ilk yeraltı dəmir yolu xəttidir. 
Londonda 1855-ci ildə şəhərdə yeraltı dəmir yollarının çəkilməsi ilə bağlı qərar qəbul edilir. Dəmir yollarının çəkilməsi məsələsi ilə isə “Metropolitan Railway” şirkəti məşğul olurdu. İlk metronun açılışı isə 10 yanvar 1863-cü ildə baş tutur. Açılışı isə Böyük Britaniyanın gələcək kralı, Uels şahzadəsi VII Eduard edir. Metronun ilk sərnişini də məhz o olur. Metro işə başladığı elə ilk gün 30 min sərnişin ondan istifadə etmişdi. 
1896-cı ildə kontinental Avropada ilk metro xətti Budapeştdə verilir. O, həm də elektrik dartıq qüvvəsi ilə işləyən ilk metro xətti idi. Bu gün dünyanın ən böyük metrosu Çinin Şanxay şəhərindədir (802 km uzunluğunda 19 xətt üzrə 506 stansiya).
1967-ci il noyabrın 6-da Bakı şəhərində 9,2 km-lik yeraltı xətləri olan metropolitenin 5 stansiyası istismara verilib. Ümumiyyətlə, XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Amma yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanıb və bu SSRİ-nin 5-ci, Yaxın Şərqin, İslam və Türk dünyasının isə ilk metropoliteni kimi tarixə düşüb. Hazırda Bakı metropoliteni ümumi uzunluğu 40,8 km olan 3 xətdən və 27 stansiyadan ibarətdir.