2016-cı il iyunun 1-də metronun bir neçə stansiyalarında rəsmlərdən ibarət posterlər yerləşdirilib. Bununla, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir sosial layihə gerçəkləşib.
“Bakı Metropoliteni” QSC rəhbərliyinin xüsusi diqqət yetirdiyi məsələlər sırasında sosial yönümlü layihələrə daha böyük əhəmiyyət verilir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan “Uşaqlar bizim gələcəyimizdir!” devizli layihə metropolitenin uşaqlara ayırdığı diqqətin və qayğının göstəricisidir. Rəsmlər metronun “Sahil”, “Memar Əcəmi”, “Elmlər Akademiyası”, “Gənclik”, “Nəriman Nərimanov” və “Qara Qarayev” stansiyalarında xüsusi lövhələrdə yerləşdirilib.
Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, istedadlı balalar, məhz metropoliten əməkdaşlarının övladları, nəvələridir. Azərin Qədirli (“Gəzinti”), Dəniz Paşayeva (“Mənim dünyam ailəmdir”, “Gəlin, dünyamızı qoruyaq”), Hikmət İsmayılov (“Lalələr”), Fidan Rüstəmli (“Bizim sevimli metromuz”, “Uşaqların rəngli dünyası”), Ləman Mustafayeva (“Hər daşı bir aləm şəhər”) və Sevinc Bağırovanın (“Görüş”) çəkdikləri rəsmlərdə bir-birindən fərqli mövzular əks olunub. Saf duyğularla həyatın müxtəlif məqamlarının ifadə olunduğu rəngarəng rəsmlərə baxdıqca, sanki uşaqların rəngli dünyasına daxil olursan.
“Uşaqlar bizim gələcəyimizdir!” devizi altında həyata keçirilən layihə sərnişinlər tərəfindən də maraqla qarşılanıb.
Xatırladaq ki, ötən il Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Nəriman Nərimanov” stansiyasının yeni təmir olunmuş iki keçidi uşaqların rəsm qalereyasına çevrilmişdi. Həmin sərgidə əsas məqsəd, cəmiyyətdə uşaqlar arasında rast gəlinən talassemiya və bu kimi qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaq, könüllü və mütəmadi donorluğu təbliğ etmək, eyni zamanda könüllü qan donorlarına olan ehtiyacı və zərurəti nümayiş etdirmək idi. 3 ay davam edən layihə ictimaiyyətdə geniş marağa səbəb olmuşdu. Xüsusilə, qan donorluğunun təbliği layihənin əhəmiyyətini daha çox artırmışdı.