Avropa Oyunları ərəfəsində Bakı metropoliteni sərnişinlərinə xidmət mədəniyyətinin yüksəldilməsinə xidmət edən daha iki yenilik təqdim edib.
Bü gündən stansiyaların sərnişin informasiya sisteminə Oyunlar, yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatların, sərnişinlərin təhlükəsizliyi üçün tövsiyələrin, yarışlara bileti olan sərnişinlərin, akkreditasiya olunmuş media nümayəndələrinin, yarış iştirakçılarının metrodan istifadə qaydalarının izahı səslənən elanlar daxil edilib.
Bu məlumatlar Azərbaycan və ingilis dillərində 30 dəqiqəlik intervalla səsləndirilir. Məlumatda bildirilir ki, metroya daxil olan sərnişinlər videomüşahidə nəzarəti altındadırlar. Bununla belə, metroda hərəkət zamanı onlara sayıq olmaq, şübhəli şəxslər, davranışlar və əşyalar barədə mühafizə xidmətinin əməkdaşlarına məlumat vermək tövsiyə edilir.
İkinci yenilik isə qatarlarda stansiyaların adlarının həm də ingilis dilində səsləndirilməsidir. Bu gün 17 qatar xətdə radio-məlumat vasitələrinə edilmiş bu dəyişikliklə çıxıb. Sabahdan isə bütün qatarlar sərnişinlərə bu məlumatları həm Azərbaycan, həm də ingilis dilində təqdim edəcək.