15 İyul 2015

«Gənclik” stansiyasında foto-sərgi açıldı

Sərgi noyabr ayının 15-ə kimi davam edəcək.

İyulun 15-də «Gənclik» stansiyasının keçidlərində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində foto əsərlərdən ibarət sərgi açıldı.
Sərginin açılışında «Bakı Metropoliteni» QSC-nin sədr müavini Hidayət Məmmədov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov iştirak etdilər. Toplaşanlar - metro sərnişinləri, media nümayəndələri, bədii fotoqrafiya həvəskarları qarşısında «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çıxış edərək bildirdi ki, metronun təmirdən çıxmış keçidlərində təşkil edilən bu tədbirlər «Bakı Metropoliteni» QSC-nin sosial yönümlü proqramlarının tərkib hissəsidir. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır. Çıxışda qeyd olundu ki, “Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib.
Layihəyə marağın həddən artıq olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edir. Mövzular müxtəlif və rəngarəngdir. Daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
Sonra sərgi iştirakçılarından Ruslan Məmmədov, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Luis və başqaları çıxış etdilər.
Sərgi noyabr ayının 15-ə kimi davam edəcək.





Bütün xəbərlər