10 Avqust 2015

Daha bir xidmət müasir təcili texniki yardım maşını ilə təchiz olundu

Vaxtında və yüksək peşəkarlıqla görülən tədbirlər qəzanın səbəblərinin köklü şəkildə aradan qaldırılmasını təmin edir.

«Bakı Metropoliteni» QSC rəhbərliyinin yeraltı nəqliyyatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində silsilə tədbirləri davam etdirilir. Elektromexanika xidməti ilə yanaşı, yeni təcili texniki yardım avtomobili ilə elektrik təchizatçıları da təmin olunublar. Xidmətin kabel təsərrüfatı distansiyasının təmirçiləri fövqəladə və qəza halları zamanı hadisə yerinə yeni xüsusiləşdirilmiş avtomobillə yollanacaqlar. Bütün müvafiq avadanlıq və alətlərlə təchiz edilmiş texniki yardım kiçik avtolaboratoriyadır.
Çağırışların xüsusiyyəti, əsasən, eyni olduğundan, elektriklər üçün alınmış «Ford Tranzit» markalı avtomobilin təchizatı da, əsasən, elektromexanika xidməti üçün ayrılmış maşınla eynidir. 220 V və 380 V gərginliyi təmin edən generator, məngənə dəzgahı, perforator, universal drel, laqunda və s. kimi alətlər burada da var. Əlbəttə, avtomobillər arasında müəyyən fərqlərin olması da gözdən qaçmır. Kabellərin zədəsini, xətalarını təyin edib, onun xarakteri barədə operatora avtomatik məlumat verən cihaz xüsusi qeyd edilməlidir. Bu, sahə üçün əsl yenilikdir. Bu cihaz, eyni zamanda, bir sıra alətlərin avtomatik işləməsi işçi qüvvəsindən səmərəli istifadəyə şərait yaradır. Bununla avtolaboratoriya operativliyi artırır, qəzanın nəticələrinin aradan qaldırılması müddətini iki dəfədən də artıq qısaldır, bir sözlə, faydalı iş əmsalını xeyli yüksəldir. Bu mənada bir tonluq yükqaldırma üçün nəzərdə tutulmuş talın da əhəmiyyəti qeyd olunmalıdır. İrili-xırdalı bu kimi yenilikləri bir yerə cəmləyəndə, əmək sərfində əməli fərq hiss olunur. Xüsusən əl əməyinə, fiziki gücə qənaət edilməsi, iş keyfiyyətinin yüksəldilməsindən savayı, həm də vaxtı düzgün bölüşdürməyə, əməyin məhsuldarlığına kömək edir.
Təcili texniki yardım avtomobilinin iki salonu 6 nəfərlik yardım heyəti üçün nəzərdə tutulub. Elektrik qaynaqçısı həm də sürücüdür və bu, çağırışlar zamanı bütün kollektivin köməyinə çatır.
Əlbəttə, təcili texniki yardım maşınının əldə olunması qəzaların xarakterinə, miqyasına təsir etmir. Lakin bu maşın sayəsində vaxtında və yüksək peşəkarlıqla görülən tədbirlər qəzanın səbəblərinin köklü şəkildə aradan qaldırılmasını təmin edir və bu da, əməyin keyfiyyətinin yüksəldilməsində aparıcı amilə çevrilir.
Bir sözlə, böyüməkdə olan metropolitendə əmək standartlarının yüksəldilməsi, onun müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli işlərin miqyası genişlənməkdədir.





Bütün xəbərlər