11 Avqust 2015

Vahid ödəniş kartlarının tətbiqi mütəşəkkil qaydada davam edir

Bu kartlar şəhərdaxili nəqliyyatda rahat hərəkət etmək, vahid şəbəkənin xidmətindən faydalanmaq üstünlüyü verir.

Avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Yeni kartlar təkcə metropolitendə deyil, eyni zamanda, “BakuBus” MMC-yə məxsus avtobus marşrutlarında da tətbiq olunur. Ümumiyyətlə, dünyanın əksər inkişaf etmiş ölkələrində şəhər ictimai nəqliyyatı sahəsində vahid ödəniş sistemi tətbiq edilir. Bu isə sərnişinə bir mənbədən əldə olunan ödəniş vasitəsi şəhər daxilində bütün nəqliyyatda rahat hərəkət etmək, vahid şəbəkənin xidmətindən faydalanmaq kimi üstünlükləri gətirir. Xeyli müddət idi, Bakının ictimai nəqliyyatında gediş haqlarının inteqrasiyasının aparılması istiqamətində təkliflər səslənirdi. Nəhayət, bu prosesin ilk addımı atıldı.
Elan edildiyi kimi, yeni vahid ödəniş kartları iki növdə tətbiq edilir: “BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartları. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür.
Qiymətlərə gəlincə, “BakıKART”ın (plastik kart) satışı 2 manat, “BakıKART Məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir. Bir gediş haqqının qiyməti dəyişməyib. Sərnişinlər hər gediş üçün 20 qəpik yükləyirlər.
Qeyd edək ki, plastik “BakıKART” metrodan daim istifadə edən sərnişinlər üçün sərfəlidir.
“BakıKART Məhdud istifadə üçün” kartı isə, əsasən şəhərimizin qonaqları, turistlər və metrodan az istifadə edənlərə sərf edər. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Onun balansının artırılması mümkün deyildir.
Hər iki növ kart heç bir halda geri qaytarılmır.
Qeyd edək ki, sərnişinlərin maraqları nəzərə alınaraq, onların hazırda istifadə etdikləri “METRO KART”lardan istifadə müddəti və qaydaları da açıqlanıb.
“METRO KART” ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər etibarlıdır. Sərnişinlər “METRO KART”ı qaytarmaq istəsələr, avqustun 15-nə kimi stansiyaların kassalarına yaxınlaşaraq, kartı qaytarıb onun girov dəyərini geri ala bilərlər. Bundan savayı, hər bir sərnişin avqustun 15-dən sentyabrın 30-na kimi stansiyalardakı kassalarda “METRO KART”ın girov dəyərini yalnız gediş haqqı kimi istifadə edə biləcək. Bunun üçün o, yeni «BakıKART»la birlikdə «METRO KART»ı stansiyalardakı kassalara verir və girov dəyərini yüklətdirir.
Sentyabrın 30-dan “METRO KART”ın istifadəsi dayandırılacaq və onu istifadə etmək mümkün olmayacaq.
Onu da əlavə edək ki, “METRO KART” və “BakıKART»larla əlaqəli yaranmış problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “KART-ANALİZ” mərkəzlərinə, yaxud *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.
Bu günə olan məlumata görə, 57 minə yaxın «BakıKART» (plastik) və 2 min 500-dən artıq «BakıKART Məhdud istifadə üçün» yaxın kart satılıb. Hərəkət xidmətindən verilən məlumata əsasən, kartların istər satışı, istərsə də sərnişinlərin bu yeniliyə uyğunlaşması proqnozlaşdırılan axarla davam edir. Kartlar yeni olduğundan sərnişinlərin, əlavə olaraq, yenidən məlumatlandırılmasına və suallarının cavablandırılmasına ehtiyac yaranır. Keçid dövrü üçün bu vəziyyət normal qəbul edilir və xidmətin müvafiq işçiləri, həmçinin «BakıKART»ın təlimatlandırılmış nümayəndələri sərnişinləri lazım olan bütün informasiya ilə təmin edirlər.





Bütün xəbərlər