17 Avqust 2015

Maşinistlər yeni tipli qatarların sirlərini mənimsəyirlər

Yeni tipli qatarların idarəetməsinin tam mənimsənilməsi üçün əcnəbi mütəxəssislərin iştirakı ilə kurslar təşkil edilib.

Bakı metropoliteninin yeni inkişaf mərhələsinin əsas əlamətlərindən biri olan yeni qatarlar artıq mövcud xətlərdə hərəkət edir. Sərnişinlərin də xüsusi marağına səbəb olmuş bu qatarlar rahatlığın optimal həddi ilə fərqlənir. Kondisionerləşdirilməsi və iqlim nəzarəti, vaqonlararası keçid və informasiya-məlumat sistemi, salona daxil olan səs-küyün ən aşağı həddə salınması ilə rahatlığı xeyli yüksəldilmiş bu qatarların idarə olunması da tam fərqlidir.
Bu səbəbdən maşinistlərin yeni vərdişlərə yiyələnməsi, yeni təlimat tələblərini və praktiki tətbiqini mənimsəməsi, peşə vərdişlərinin möhkəmləndirilməsi, ən ümdəsi, xüsusi hallarda idarəetmənin yeni tələblərini avtomatik tətbiq etməyi bacarması böyük əhəmiyyət kəsb edir.
Bunu nəzərə alaraq, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi maşinistlər üçün xüsusi kurslar təşkil edib. İyulun son günlərində «Nərimanov» elektrik deposunun texniki-tədris kabinetində insan resursları və xidmət departamentinin nəzarəti və təlim-tədris mərkəzinin təşkilatçılığı ilə başlanmış kurslar avqustun 27-28-də keçiriləcək nəzəri, praktiki və sınaq imtahanları ilə yekunlaşacaq. «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi Moskva metropolitenindən olan həmkarlarını bu prosesi birgə izləməyə, həmçinin fikir və təcrübə mübadiləsi aparmağa dəvət edib.
Artıq tədrisin elə bir dövrü çatıb ki, müəyyən nəticələri müşahidə etmək mümkündür. Nəzəri dərsləri Moskva metropoliteninin tədris-istehsalat mərkəzinin müəllimi, əvvəllər təlimatçı-maşinist işləmiş Dmitri Belov, praktiki məşğələləri isə «Novogireyevo» elektrik deposunun təlimatçı-maşinisti Pavel Şlyanikov aparırlar.
Kursun plan və proqramı əvvəlcədən tərtib edilərək razılaşdırılıb. Təlim-tədris prosesinin təşkili ilə əlaqədar Moskva metropoliteni təlim-tədris mərkəzinin rəis müavini Aleksandr Romanov və kadr hazırlığı üzrə mütəxəssis Yuliya Til də pedaqoqlarla birlikdə Bakıda səfərdə olublar. Onlarla qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, fikir və təcrübə mübadiləsinin mütəmadi aparılması razılaşdırılıb. Kursun təşkilinə gəlincə, tədris prosesi elə qurulub ki, hər bir maşinist və ya təlimatçı iş prosesindən ayrılmadan təlimlərdən maksimum bəhrələnə bilir.
Əlbəttə, əsas məqsəd yeni tipli qatarları xəttə çıxarmaq və idarə etmək deyil. Vaqonlarda qeydə alına biləcək nasazlıqların, qeyri-standart halların öyrənilməsi, xüsusən xətdə baş verə biləcək hadisələrin öyrənilməsi, təhlili və qarşısının alınması baxımından bu məşğələlər daha əhəmiyyətlidir. Müxtəlif nasazlıqlar və ekstremal hallar, qəza vəziyyətləri zamanı operativ reaksiya verərək, vəziyyətdən çıxmağı mənimsəmək və bunu vərdiş halına çevirmək bu kursun qayəsidir. Çünki vaqonlar yeni tipli, avtomatlaşdırılmış və kompüterləşdirilmişdir, bir çox xüsusiyyətləri ilə əvvəlki nəsil vaqonlarından fərqləndiyindən əsas qərarları təlimat və digər normativ aktları, sənədlər səviyyəsində mənimsəmək, yeri gələndə tətbiq etmək vacibdir.
Kursa 25 nəfərdən ibarət heyət cəlb olunub. Onlardan 10-u təlimatçı-maşinist, qalanı maşinistlərdir. Onlarla yanaşı, məşğələləri təmirçilər, müxtəlif sahələr üzrə mütəxəssislər də yaxından müşahidə edirlər.
Maşinistlər üçün nəzəri və praktiki məşğələlərlə yanaşı, canlı sınaqlar da təşkil olunacaq. Tədrisi aparan mütəxəssislərin nəzarəti altında qatar sərnişinsiz xəttə çıxarılmaqla, müəyyən tapşırıqlar yerinə yetiriləcək. Tədris prosesinin yekununda praktiki və sınaq imtahanını uğurla başa vurmuş müdavimlərə sertifikat – yeni tipli qatarları idarə etmək hüququna dair sənəd veriləcək.
Təlim-tədris prosesinin rəhbərləri qeyd edirlər ki, bu qatarlar, təkcə sərnişinlər üçün deyil, həm də maşinist və təmirçilər üçün də böyük yenilikdir. Təhlükəsizliyin təminatı elə həddə çatıb ki, qatar özü maşinistin köməkçisinə çevrilib. Əksər problemlər, nöqsanlar, xətdə ikən zədə və nasazlıq barədə məlumat displey lövhəsinə ötürülür. Bu da maşinistin daha sürətli reaksiyasını, qərarını təmin edir.
Maşinistlər üçün salonun genişliyi, oturacaq rahatlığı, kondisionerləşmə, hətta bəzi sosial tələblərin nəzərə alınmasından tutmuş texniki kamilləşməyə doğru atılmış addımların hər biri müasir dövrün tələbləridir. Onlar vaqonlarda baş verənləri videogörüntü ilə izləyə bilirlər.
Ən vacib məqamlardan biri isə videokamera vasitəsilə maşinistin özünü də izləməsidir və bu görüntülər həm də arxivləşdirilir. Qatarın işə salınması da əvvəlkindən fərqlidir. Onun özünün və əksər mexanizmlərinin işə düşməsi, qoşulması məhz ekrandakı displeylə aparılır.
Yaxın gələcəkdə təmirçilərin də yeni qatarları mənimsəməsi, peşə bilikləri və təcrübəsinin artırılması məqsədilə onlar üçün, eyni qaydada, xüsusi kurslar təşkil olunacaq.





Bütün xəbərlər