28 Avqust 2015

Moskva metropoliteni rəisinin başçılıq etdiyi nümayəndə heyəti  Bakı metropolitenində rəsmi səfərdə olub

Hər iki tərəf işgüzar əlaqələrin, dostluq münasibətlərinin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi.

Avqustun 27-də «Moskva metropoliteni» Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi, rəis köməkçisi Dmitri Danilovun, işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin rəisi Pavel Kovalyovun daxil olduğu nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başlanıb.

«Bakı Metroliteni»QSC-nin rəhbərliyinin müşayəti ilə qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müstəqil müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoydular. Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət etdilər.

Nümayəndə heyəti Şəhidlər xiyabanında qanlı «20 Yanvar» tarixinin günahsız qurbanları və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirələrini yad edərək, onların məzarları üzərinə gül dəstələri qoydular.

Səfər proqramı çərçivəsində «Bakı Metropoliteni»QSC-də görüş keçirildi. Qonaqları səmimiyyətlə qarşılayan QSC sədri Zaur Hüseynov bu səfərin hər iki şəhərin yeraltı ictimai dəmir yol nəqliyyatı üçün faydalı olacağına əminliyini ifadə etdi. Bildirdi ki, keçmiş SSRİ şəhərlərinin metropolitenləri arasında sıx əlaqələr həm formalaşmış ənənələrin qorunması, həm də yeni inkişaf dövründə elmi-texniki tərəqqinin, yeniliklərin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bakı metropoliteninin tarixindən söz açan, onun xüsusiyyətlərindən bəhs edən «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov, perspektivlərdən də danışaraq, 2008-ci ildə metropolitenin perspektiv inkişaf sxeminin hazırlanması, 2011-ci ildə isə yeni sxemin və Dövlət proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar, ötən müddət ərzində görülən işlər barədə məlumat verdi. Bu xüsusda Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» səhmdar cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə geniş məlumat verən Zaur Hüseynov, metropolitenə dövlət qayğısının ən yüksək səviyyədə olmasını, bu xüsusda ölkəmizdə hər il 8 noyabr tarixinin Metropoliten işçilərinin peşə bayramı Günü kimi qeyd olunması barədə ölkə başçısının 2006-cı ildə sərəncam imzaladığını da qeyd etdi.

Moskva metropoliteninin rəisi Dmitri Peqov dəvətə görə «Bakı Metropoliteni»QSC-nin rəhbərliyinə təşəkkürünü bildirdi və bu səfərdən sonra işgüzar əlaqələrin, dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Sonra qarşılıqlı əlaqələr, birgə layihələrin həyata keçirilməsi, mütəmadi fikir və təcrübə mübadiləsinin, işgüzar münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparıldı.

Qonaqlar metropolitenin «Nərimanov» elektrik deposunda oldular. Onlara burada son illərdə görülən işlər, yeniləşmə, iş şəratinin müasirləşdirilməsi, texniki yeniliklər, abadlıq işləri barədə ətraflı məlumat verildi. Bu sırada çoxfunksiyalı diaqnostika kompleksində qurulmuş şərait və xüsusi vaqonda tətbiq edilmiş yeniliklər barədə qonağa məlumat təqdim edildi. Bu sistemlərin Moskva metropolitenində də tətbiqi nəzərə alınaraq, əlaqələrin, təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki tərəfə səmərəsi barədə fikirlər səsləndi.

Nümayəndə heyətinə depo ərazisində fəaliyyət göstərən istehsalat və xidmət sahələri barədə məlumat verilərək, iş şəraiti nümayiş etdirildi.

Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyəti metropolitenin təlim-tədris mərkəzinin qatar maşinistlərinin texniki kabinetində, 81-760, 81-761,81–763 tipli qatarların tədris prosesinin yekunu olaraq, keçirilən imtahanları da izlədi. Qeyd edək ki, tədris prosesi Moskva metropoliteninin işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin yaxından iştirakı ilə keçirilib. Həmin xidmətin mütəxəssisləri Bakıda biraylıq tədris kursunu aparmaqla, müdavimlər üçün imtahanların təşkili və keçirilməsində də əhəmiyyətli rol oynayıblar.

İmtahanların yekununda kursu müvəffəqiyyətlə bitirənlərə müvafiq diplomlar və həmin qatarların idarə olunması hüququ verən sertifikatlar təqdim edildi.

Avqustun 28-də «Moskva metropoliteni» Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyətinin Bakı metropoliteni ilə tanışlığı davam etdi.

Əvvəlcə, «Bakı Metropoliteni»QSC-nin idarə aparatında qonaqlar ənənəvi Azərbaycan çay süfrəsinə dəvət olundular. Söhbət əsnasında səfərin ilk gününün təəssüartları ilə bölüşən qonaqlar tarixi simasını da qorumaqla sürətlə yeniləşən Bakıya heyran qaldıqlarını ifadə edərək, paytaxt metropoliteninin sürətlə inkişaf etməsindən, dövlət qayğısının ən yüksək səviyyədə olmasından məmnunluqlarını bildirdilər. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, fikir və təcrübə mübadiləsinin daha da genişləndirilməsi zərurəti bir daha vurğulandı.

Qonaqlara metropolitenin qatar, enerji, eskalator, sanitar dispetçer mərkəzlərində ən müasir sistemlərin tətbiqi barədə məlumat verilərək, fəaliyyəti və iş xüsusiyyətləri nümayiş etdirildi.

Sonra nümayəndə heyəti qatarla metropoliten səyahətinə çıxdı. “İçərişəhər” stansiyasında onlara dövlətin dəstəyi sayəsində əsaslı yenidənqurma tədbirləri barədə məlumat verildi. ”Gənclik” və “Nəriman Nərimanov» stansiyasında olan qonaqlara cari təmir işləri, bu xüsusda son dövrlərdə həyata keçirilən nümunəvi sosial layihələr barədə məlmat verildi. «Nizami» stansiyasında qonaqlar stansiyaların bir-birindən fərqli memarlıq xüsusiyyətləri ilə seçilməsini, mövzu etibarı ilə milli ornamentlərə diqqət yetirilməsini, buna hətta yenidənqurma zamanı da diqqət yetirilməsini xüsusi qeyd edərək, bu mənada Bakı metropoliteninin özünəməxsusluğu ilə fərqləndiyini bildirdilər.

“Dərnəgül” stansiysında onlara Bakıda son illərdə inşa olunmuş metro stansiyaları barədə geniş məlumat təqdim olundu. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə mövcud xətlərdə də inşa olunan stansiyalarda, milli memarlıq üslubu qorunmaqla, yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir.

Nümayəndə heyəti Bakı metropoliteninin perspektiv inkişaf sxemi və Dövlət proqramına uyğun inşa edilən yeni Bənövşəyi xəttin şərti adı “Memar Əcəmi-2” olan stansiyasında oldu. Məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidentinin 2010-cu ildə metropolitenin perspekti inkişafına həsr olunmuş geniş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq, yeni xətlərdə dünya təcrübəsinin ən son texnoloji nailiyyətləri, xüsusən sərnişinlərin rahatlığı və təhlükəsizlik tələblərinin ən yüksək standartlarına cavab verən sistemlər, avadanlıqlar tətbiq olunur. Bu mənada hərəkətin təşkili və idarə olunmasında müasir CBTC, stansiya və şəbəkəyə nəzarətdə, həmçinin idarəetməsində SCADA sistemləri əsas götürülüb; xətlərdə müasir sistemlərin tətbiq edildiyi və ən yüksək təhlükəsizlik standartlarına cavab verən qatarlar hərəkət edəcək.

Stansiyaların inşaatında da müasir texnologiyaların, həmçinin üsulların tətbiqinə başlanılıb. Bakının yer quruluşunun mürəkkəb geoloji coğrafiyası şəraitində bu üsullar tikintini daha səmərəli aparmağa kömək edir. Bu sahədə də təcrübə mübadiləsinin, sahələrin, mütəxəssislərin mütəmadi əlaqələrinin vacibliyi qeyd edilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı söhbət aparıldı.

İkigünlük səfərdən tam məmnun qalan qonaqlar «Bakı Metropoliteni» QSC rəhbərliyinə təşəkkürünü bildirərək, əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni məcrada davam etdirilməsi məqsədilə bakılı həmkarlarını Moskva metropoliteninə dəvət etdilər.





Bütün xəbərlər