09 Sentyabr 2015

Qatarların yerli şəraitdə əsaslı təmiri irimiqyaslı nailiyyət sayılacaq

Vaqonların təmiri bazası əsaslı təmiri nəzərdə tutan sahələrin yaradılması ilə gücləndirilir.

Metropolitendə qatarların zahiri görkəminin, simasının yenilənməsi sərnişinlərin də diqqətindən yayınmır. Ötən il «Nəriman Nərimanov» elektrik deposunda yeni təmir sahəsində qatarların korroziyadan təmizlənməsi, rənglənməsi istiqamətində uğurlu yeniliklər tətbiq edildi. Ardınca bu addım qatarların kuzov hissəsinin təmirinə çevrildi. Təmirçilər ötən qısa müddət ərzində prosesi xeyli irəli apardılar. İndi bir qatarın kuzov təmiri maksimal qısa müddətdə - 30 günə yerinə yetirilir. Bu müddət ərzində qatar xüsusi qumlama ilə korroziyadan təmizlənir, vaqonun iç hissəsi, o cümlədən tavanı, döşəməsi, pəncərələri, nəfəsliyi sökülərək, təftiş edilir və təmir işləri aparılır.
Tavan və döşəmə yeni materiallarla üzlənir. Vaqonların havalandırma xəttinin tor şəbəkəsi həm hava axını üfürülərək, həm də turşu materiallarla yuyularaq, his-pasdan, çirkdən təmizlənir. Vaqonların qapıları sökülərək, rezinləri dəyişdirilir, təmizlənir. Əl tutanların təmizlənib rənglənməsindən tutmuş salonun plastikasına qədər görülən işlər, tavanla döşəmənin rəng seçiminə, ahəngdarlığına yetirilən diqqət, vaqonun erqonomik çalarları ilə sərnişinlərə xoş təsir bağışlanmasını da nəzərdə tutur.
Təmir prosesinə salonun tavanı, döşəməsinin örtüyünün yenilənməsi ilə yanaşı, indi işıqlanması da əlavə olunub. Led-işıqlanma həm qənaət, həm də güclü işıqlanmaya imkan verir.
Təmirçilər daha bir irimiqyaslı yeniliyə də əl atıblar. Artıq baş vaqonun ön hissəsinin təmirini depo şəraitində yerli mütəxəssislərin iştirakı ilə yerinə yetirmək mümkündür. Sərnişinlər Gürcüstanda əsaslı təmir olunmaqla modernləşdirilən qatarları həm zahirinə, həm də daxili plastikasına görə fərqləndirirlər. İndi belə yenilikləri yerli şəraitdə də tətbiq etmək mümkün olacaq. Çünki təmir zamanı baş vaqonun ön hissəsi tam dəyişdirilərsə, onun konstruktiv yeniləşməsini aparmaq mümkündür.
Baş vaqonun ön hissəsi dəyişdirilərkən, maşinist pultunun orijinallığı da təmin edilir. Maşinist kreslosu ilə idarəetmə paneli arasında daha 3 sm genişlənməyə nail olunub. Bu çox kiçik rəqəm sayıla bilər. Lakin bu 3 sm maşinistin sükan arxasında rahatlığını təmin etmədır. Həmçinin Almaniya istehsalı olan yeni oturacaq qalxıb-enəndir, həmçinin söykənəcəyi, başaltısı nizamlanır.
İlk sınağın uğurla başa çatdırılması metro qatarlarının əsaslı təmirinin yerli şəraitdə təşkilinin mümkünlüyünü əyani nümayiş etdirir. Bu isə dəfələrlə ucuz başa gələn və küllü miqdarda vəsait qənaətinə səbəb olan bir proses, yeni təmirçilər məktəbinin yaradılması deməkdir. Bu, yerli mütəxəssislərin bilik və bacarığının artmasına, yeniliklər üçün sınaq şəraitinin yaranması, mühəndis korpusunun elmi-texniki tərəqqi ilə təmasının möhkəmlənməsinə fürsətdir.
«Bakı Metropoliteni» QSC-nin rəhbərliyi depoda vaqonların təmiri bazasının gücləndirilməsi istiqamətində uyğun şəraitin qurulmasına da başlayıb. Vaqonların əsaslı təmiri elementlərini nəzərdə tutan sahələrin yaradılması isə bu prosesi daha da sürətləndirəcək. Eyni zamanda, yeni perspektiv inkişaf sxeminə əsasən, gələcəkdə vaqonların əsaslı təmirini nəzərdə tutan depolar inşa olunmalıdır. Hazırda inşası davam edən «Dərnəgül» elektrik deposu məhz belə sahələrdəndir və o, fəaliyyətə başlayanda, əsaslı təmir sahəsinin kollektivi artıq formalaşmış olacaq. Bu məqsədlə «Bakı Metropoliteni» QSC-nin rəhbərliyinin tapşırığı ilə yeni sahələrin kadr hazırlığı ilə bağlı ilkin işlərə də başlanılıb.





Bütün xəbərlər