15 Oktyabr 2015

Azərbaycan Texniki Universiteti ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Sənədə əsasən, təcrübə mübadiləsinin aparılması, ixtisasartırma kurslarının təşkili, mütəxəssis hazırlığı və s. nəzərdə tutulur.

Oktyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəblə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində AzTU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb.
Rektor bu il oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı qarşıya çox mühüm vəzifələr qoyulduğunu xatırladıb.
Müasir dünyada elmin, təhsilin, texnologiyanın mühüm rolunu qeyd edən professor H.Məmmədov rəhbərlik etdiyi AzTU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Rektor ali təhsil müəssisələrində müasir tələblərə cavab verən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb, AzTU ilə “Bakı Metropoliteni” QSC arasında elmi-texniki əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Bakı Metropoliteni” QSC İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışıb, müəssisədə bacarıqlı mütəxəssislərə önəm verildiyini diqqətə çatdırıb.
T.Dadaşov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.
Sonra iki müəssisə arasında müqavilə imzalanıb.
Sənəddə təcrübə mübadiləsinin aparılması, ixtisas səviyyəsinin artırılması məqsədilə kursların təşkili, mütəxəssis hazırlığı, birgə tədbirlərin keçirilməsi və s. məsələlər nəzərdə tutulur.





Bütün xəbərlər