28 Dekabr 2015

Metropolitenə Şaxta baba və Qar qız gəlib

Onların bu gəlişini sevinclə qarşılayan uşaqlar hədiyyəsiz də qalmayıblar.

Paytaxtımızda ictimai nəqliyyatın aparıcı qolu olan metropolitendə sosial layihələr artıq bir ənənəyə çevrilib. Təkcə bu ay ərzində musiqi dünyamızın korifeyləri Üzeyir Hacıbəyov və Rəşid Behbudovun yubileylərinə həsr olunmuş iki layihə rəğbətlə qarşılanıb.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində reallaşdırılan daha bir layihə sərnişinlərin ovqatını yüksəldən hadisə kimi qarşılanıb.
Bu gün səhər saatlarında «28 May» stansiyasında sərnişinləri Yeni il bayramının əsas qəhrəmanları sayılan Şaxta baba və Qar qız salamlayıb. Sosial tipli bu layihədə əsas məqsəd insanları təbrik edib, onlarda xoş əhval-ruhiyyə yaratmaq olub. Şaxta baba və Qar qız stansiya platformasına enərək, sərnişinləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik ediblər. Bu aksiya daha çox azyaşlı sərnişinlərin ürəyincə olub.
Şaxta babanın gəlişini sevinclə qarşılayan uşaqlar arasından ona şeir deyib, mahnı oxuyanları, arzu və diləyini çatdırmaq istəyənləri də olub. Hər kəsin ürək sözünü diqqətlə dinləyən Şaxta baba Qar qızla birlikdə nəvələrini oxşayıb, onlara dərslərində uğurlar arzulayıb, valideynlərinin sözündən çıxmamağı tapşırıb və sözsüz ki, ənənəsinə sadiq qalaraq, hər kəsi xurcunundan çıxardığı hədiyyələrlə mükafatlandırıb.
Şaxta baba və Qar qız sərnişinlərlə birlikdə qatarlardan birinə minərək, yeni macəralar ardınca növbəti stansiyaya yollanıblar.
Qeyd edək ki, tədbir bir neçə gün davam edəcək.





Bütün xəbərlər