14 Yanvar 2016

Dünya metropolitenləri 2015-ci ildə

3 ölkənin daha 6 şəhərində ilk metro qatarları hərəkətə gəlib.

2015-ci il dünya metropolitenləri üçün əlamətdar hadisələrlə zəngin oldu. Dünyanın daha 6 şəhəri «metropolitenlilər» sırasına qoşuldu. Çinin Nançanq və Sindao, Hindistanın Çennay (keçmiş Mədrəs) və Caypur şəhərləri, qonşu İranda isə İsfahanla yanaşı, Təbrizdə də ilk dəfə metro qatarları hərəkətə başlayıb. Bununla dünyada metropoliten nəqliyyat növü istismar edən şəhərlərin sayı 199-a çatdı.
Metropolitenlə bənzər şəbəkəni əhatə edən tramvay və metrotramvay xətləri isə ilk dəfə İtaliyanın Palermo, Polşanın Olştın və Efiopiyanın Əddis Əbəbə şəhərlərində yüngül metrolar işə salınıb.
Mövcud metro xətlərinin inkişafı baxımından da ötən ilin sürətlə inkişaf edən şəhərləri yenə də Çində olub. Dalyanda iki yeni xətt istifadəyə verilib. Bundan başqa, Vuhan, Çendu, Ninbo və Nanjinqdə (əvvəlki adı Nankin) yeni-yeni rayonlar metro şəbəkəsinə birləşdirilib. Yaponiyada Senday, Koreyada Daegü, Venesuelada paytaxt Karakas, Türkiyədə İstanbul və Polşada Varşava metropolitenlərinə yeni xətlər əlavə olunub.
Ümumiyyətlə, 2015-ci ildə dünyanın 34 ölkəsində metro yenilikləri daha çox olub, yeni xətlər, stansiyalar istifadəyə verilib. Liderlik yenə Çindədir. Bu ölkənin 9 metropoliteni böyüyüb. ABŞ-da və Polşada 5, Fransada və İtaliyada 4 şəhərdə yeni stansiyalar işə salınıb. Metro şəbəkəsi olan 199 şəhərdən 68-ində 2015-ci il yeni stansiya və ya xətlərin istismara verilməsi ilə əlamətdar olub.





Bütün xəbərlər