14 Yanvar 2016

«B-5» stansiyası istiqamətində qazma işləri davam etdiriləcək

Yeni tunel qazma mexanizminin quraşdırılmasına başlanılır.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli «Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamı ilə təsdiq olunmuş «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» Bakının yeraltı yollarının inkişafında yeni bir mərhələnin əsasını qoydu.
Bu dövrün başlıca xüsusiyyəti tikinti prosesi sürətinin indiyə kimi görünməmiş hədd kəsb etməsi, inşaat işlərinin maya dəyərinin aşağı salınmasından ibarət idi. Əlbəttə, buna nail olmağın bir yolu vardı - müasir texnologiyaların tətbiqi, dünya təcrübəsindən daha geniş şəkildə faydalanmaq. Bu istiqamətdə həyata keçirilən ən böyük tədbirlərdən biri mükəmməl, yerli geoloji şəraitə uyğun ən yeni tunelqazma vasitələrinin istehsalata cəlb edilməsi oldu. 2011-ci ildə Almaniya istehsalı olan «Herrenknecht» («Herrenknext») tunelqazma kompleksinin ölkəyə gətirilməsi ilə Bakı metropoliteninin tikintisi tarixində tamamilə yeni bir səhifə – müasirlik və texnoloji üstünlük səhifəsi açıldı. Bu qurğu, eləcə də «Avtovağzal – Memar Əcəmi-2» sahəsində «Azərkörpü» ASC-nin tətbiq etdiyi ABŞ istehsalı olan «Robbins» tunelqazma kompleksi müxtəlif geoloji şəraitlərdə işləmək üçün yararlı idilər. Hər iki qazma qurğusunu səyyar müəssisə adlandırmaq olar. Onlar dağ silsiləsi, yaşayış məntəqələri və digər yerlərdə ətraf mühitə zərər vermədən yüksək qazma sürəti ilə işləyirlər. Qazma prosesi qruntun sıxlığı təmin edilmək və uçmaların qarşısı alınmaqla həyata keçirilir. Kompleksin kəsici diskləri öz dözümlüyünü müxtəlif qaya növlərində sınanmaqla sübut etmişdi və yerli şəraitdə əldə edilən gözlənilən nəticə də bunu bir daha təsdiq etdi.
Bu vaxta qədər Bakıda ay ərzində 60-65 m tunel sahəsinin inşası rekord göstərici sayılırdısa, yeni qurğular həmin müddətdə 350-400 m tuneli tam hazır şəkilə gətirirlər. Yeni komplekslə qazıntı işi qruntun çıxarılması, tunel geyiminin quraşdırılması və onun arxasına möhkəmləndirici məhlulun vurulması ilə paralel aparılır.
«Herrenknecht» qazma kompleksinin «Bənövşəyi» xəttin «Avtovağzal» stansiyasından «Memar Əcəmi-2» stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başladı. İndiyə kimi 4630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq «B-4» adlanan stansiyasına daxil oldu. «Herrenknecht» həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxdı. Metro inşaatçıları bu məqama xüsusi bir önəm verirlər.
Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. «Herrenknecht» nəinki ölkəmizdə, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir. O, Almaniya müəssisəsinin bu tipli 599-cu məhsuludur. Biz bu gün onu «B-4» stansiyasında quraşdırılmış start kamerasında qarşıladıq. İlk dəfə idi ki, kompleksin işini kənardan müşahidə etmək mümkün oldu. Beləliklə, kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.
«B-5» istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.
Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra, «Herrenknecht» yolunu «B-5» stansiyasına doğru davam etdirəcək.





Bütün xəbərlər