20 Yanvar 2016

20 Yanvar tarixi metropolitendə xüsusi mərasimlə yad edildi

Eyni adlı stansiyada bədii kompozisiya tərtib olunub, digər stansiyalarda qərənfillər düzülüb, musiqi parçaları səslənir.

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar tarixi, o müdhiş gecənin qurbanlarının xatirəsi 26-cı ildir ki, ölkəmizin hər yerində ehtiramla yad edilir. Hər il olduğu kimi, bu dəfə də ölkədə xüsusi tədbirlər, mərasimlər keçirilir, şəhidlərin uyuduğu məzarlıqlar ziyarət olunur.
1990-cı ilin 20 yanvar gecəsi fədakarlıqlar göstərmiş Bakı metropoliteninin kollektivi üçün də böyük əhəmiyyət kəsb edir, faciənin qurbanları daim dərin hüzn və ehtiramla yad edilir.
«Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, bu gün metropoliten kollektivi də gücləndirilmiş iş rejimində çalışır. Ümumxalq Hüzn Günü ilə əlaqədar bütün stansiyalara, qatarların ön şüşələrinə qərənfillər düzülüb, mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları və marşlar səsləndirilir.
O müdhiş gecənin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən «20 Yanvar» stansiyasının plaftormasında isə hər il olduğu kimi xüsusi eskizləri əsasında güllərdən ibarət kompozisiya qurulub. Kompozisiya mövzunu əhatə edən milli ornamentlər, rəssamlıq və qrafika, ələlxüsus da xalçaçılıq elementlərdən tərtib olunub.
Platformanın giriş hissələrində metoropolitenin loqotipi və hüzn gününün ildönümünü əks etdirən «26» rəqəmi, tam mərkəzdə isə səkkizguşəli ulduz tutur. Şəhidlərin xatirəsinə əbədi ehtiramın ifadəsi olaraq, bu kompozisiyanın ətrafında metropolitençilərdən ibarət fəxri qarovul dayanır.
Saat 12:00-da ölkə ərazisində, bütün nəqliyyat vasitələrində olduğu kimi, metropolitendə də qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirildi. «Bakı Metropoliteni» QSC-nin rəhbər heyəti və kollektivin nümayəndələri bu məqamı «20 Yanvar» stansiyasının platformasında sərnişinlərin əhaətsində qeyd etdilər.
Günün ikinci yarısında metropolitençilər, hər il olduğu kimi, kollektiv şəkildə Şəhidlər xiyabanında o gecənin qurbanlarının və doğma yurdunun, xalqının azadlığı, uğrunda canını fəda etmiş vətənpərvər Azərbaycan övladlarının məzarlarını ziyarət etdilər.





Bütün xəbərlər