15 Mart 2016

Metropolitendə ödənişsiz kurslar başlanıb

Müdavimlər qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə yiyələnəcəklər.

Fevralın 25-də «Bakı Metropoliteni» QSC tərəfindən qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üçün elan edilmiş müsabiqə başa çatıb. Martın 14-dən etibarən Təlim-Tədris Mərkəzində 1 aylıq ödənişsiz kurslara start verilib. Həftənin hər iş günü 4 qrupdan ibarət 2 saat müddətində keçiriləcək peşə dərsləri metropolitenin mütəxəssisləri tərəfindən tədris olunacaq. Kursu bitirən namizədlərdən sınaq imtahanlarını uğurla keçənlər hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olmuşdu. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası ilkin seçmələrdən sonra 500 nəfəri müsabiqəyə dəvət etmişdi. Qeyd olunan tələblərə cavab verən 500 namizəddən 82 nəfəri kadr komissiyası tərəfindən kurslara cəlb olunub.
Məlumat üçün bildirək ki, əvvəllər bu peşə üzrə müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində təlimatları mənimsəyən, müəyyən təcrübə toplayan işçilərin, imtahan verdikdən sonra, peşə bacarıqlarının qənaətbəxş olub-olmaması bəlli olurdu. Bu isə, həm vaxt itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əvvəllər əksərən qadınlar üçün cəlbedici olan bu vəzifəyə hazırda oğlanların da marağı artıb.




Bütün xəbərlər