06 May 2016

«Bakı Metropoliteni» QSC-nin iki istehsalat sahəsi respublika müsabiqəsinin qalibi olub

Birləşmiş emalatxanalar və dəmir-beton konstruksiyaları istehsalat sahəsi 42 qalib cərgəsindədir.

Mayın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2015-ci ilin yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə iştirak edən 1750 müəssisə arasında «Bakı Metropoliteni» QSC-nin birləşmiş emalatxanaları və tikinti departamentinin dəmir-beton konstruksiyaları istehsalat sahəsi, əməyin müasir tələblərinə müvafiq təşkilinə görə, fərqlənən 42 müəssisə arasına daxil edilib.
Mükafatların təqdim olunma mərasimində AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib. Çıxışçı qeyd edib ki, BMT tərəfindən 2015-ci ilin "Beynəlxalq torpaq ili" elan edilməsi və bu qlobal çağırışlara qoşularaq Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin ölkəmizdə "Kənd təsərrüfatı ili" elan edilməsi aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb. Beynəlxalq Əmək Təşkilatı 2016-cı ildə Ümumdünya Əməyin Mühafizəsi Gününün "İş yerində stress-kollektiv çağırış" şüarı ilə keçirilməsini elan edib. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "İstehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçotu qaydaları"na istehsalatda stress situasiyaları nəticəsində baş verən infarkt, insult kimi xəstəliklərin istehsalatla əlaqələndirilməsi barədə dəyişikliklər qəbul edilib. Bu dəyişikliklərin edilməsi Azərbaycanda sosial tərəfdaşların maraqlarının Beynəlxalq Həmkarlar İttifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının işçilərin sosial müdafiəsi sayəsində yürütdükləri siyasətə tam uyğunluğunu sübut edir.
Qeyd olunub ki, AHİK tərəfindən işlənib hazırlanmış, sosial tərəfdaşlarla razılaşdırılmış və imzalanmış 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə sosialyönümlü vacib məsələlər, o cümlədən əməyin və sağlamlığın mühafizəsi, ekoloji təhlükəsizlik məsələləri əksini tapıb. AHİK-in təklifi və sosial tərəfdaşların dəstəyi ilə Milli Məclis tərəfindən "Texniki təhlükəsizlik haqqında", "İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında" qanunlar qəbul edilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev və başqaları çıxış ediblər.
Sonda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.





Bütün xəbərlər