10 May 2016

Metropolitençilər də ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər

“Bakı Metropoliteni” QSC-də ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi respublikamızın bütün əmək kollektivlərində olduğu kimi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində də ehtiramla yad edilir.
Bu gün metropolitendə ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər keçirildi.
“Bakı Metropoliteni” QSC-nin idarə heyətinin üzvləri, kollektivin təmsilçilərinlən ibarət geniş bir qrup mayın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilərək, məzarı üzərinə tər çiçəklər düzüldü.
Daha sonra “Bakı Metropoliteni” QSC-nin inzibati binasının akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirildi.
Tədbir zamanı əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov toplantı iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi.
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videofilm nümayiş etdirildikdən sonra “Bakı Metropoliteni” QSC-nin idarə heyətinin üzvü, QSC sədrinin müavini Hidayət Məmmədov, istismar üzrə baş mühəndis Əlixan Osmanov və Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov çıxış etdilər.
Çıxışçılar ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər dövrü tariximizdə yeni mərhələlərin başlanğıcı kimi dəyərləndirdilər, Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan, Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətindən danışdılar. Tədbir iştirakçılarına dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin hər sahəsinə ayırdığı diqqət və qayğısından bəhs olundu.
Onun respublikanın inkişafına verdiyi töhfələr metropolitendə də hiss olunub. Həmin illərdə metro tikintisində canlanma baş verib, yeni stansiyalar istifadəyə verilib.
Tədbirin yekununda “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov çıxış edərək, ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş və hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi kursunun daha da inkişaf etdirilməsində metropoliten kollektivinin də öz sahəsində bütün qüvvəsini və imkanlarını səfərbər edəcəyini qeyd etdi.





Bütün xəbərlər