20 May 2016

Metropolitendə kadr seçimində yenilik

Müsabiqədə müasir metodikalara əsaslanan xüsusi proqramdan istifadə olunub.

“Bakı Metropoliteni” QSC-də kadrların yerləşdirilməsi və yerdəyişməsi ilə bağlı vakant vəzifələr üzrə metropoliten işçiləri arasında müsabiqə keçirilib. Metropolitenin müxtəlif sahələrində çalışan əməkdaşların iştirak etdiyi müsabiqədə, ilk dəfə olaraq, insan resurslarının idarə olunmasında profaylinq və operativ psixodiaqnostikanın müasir metodikalarına əsaslanan xüsusi proqramdan istifadə olunub. Bu proqram namizədin psixoloji vəziyyətini, onun fərdi davranış xüsusiyyətlərini və bacarığını, həmçinin vakant vəzifəyə uyğunluq dərəcəsini təyin etmək üçün ətraflı məlumatı effektiv şəkildə təyin etməyə imkan verir. Namizədlərlə müsahibələr CİBS şirkətinin eksperti Təbriz Hacıyev tərəfindən fərdi şəkildə aparılıb və müsahibələr videogörüntülərə əsasən analiz olunub.
Müsabiqə elektromexanika xidmətində mühəndis-texniki avadanlıqları və eskalator təsərrüfatı üzrə növbə dispetçerləri vəzifələrinə qəbulla bağlı olub. Müraciət edən əməkdaşlar arasından 22 nəfər müsabiqədə iştirak edib. İlk mərhələdə həmin vəzifələrə iddialı olanların peşə yararlığı kadr komissiyasının mütəxəssisləri tərəfindən araşdırılıb. Növbəti mərhələdə profaylinq sisteminə uyğun olaraq, namizədlərlə fərdi müsahibələr aparılıb, müsahibələrin təhlili nəticəsində onların vakant vəzifəyə uyğunluq dərəcəsi müəyyən olunub. Müsabiqənin nəticələrinə görə 5 nəfərin peşəyə uyğunluğu təsdiq edilib və onlar müvafiq vakant yerlərə təyin olunublar.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC fəaliyyətə başladığı ilk gündən xüsusi diqqətlə yanaşılan məsələlərdən biri də insan resurslarının təkmilləşdirilməsi olub. Bu gün metropolitendə kadrların karyera perspektivi üçün bütün lazımi imkanlar yaradılıb. Gənc və bacarıqlı kadrların işə qəbulu, yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, əmək qabiliyyətinin qiymətləndirilməsi və bu qəbildən olan müvafiq işlərin təkmilləşdirilməsi müəssisənin insan resursları və xidmət departamentinin diqqət mərkəzində olan məsələlərdəndir.





Bütün xəbərlər