22 İyul 2016

Daha bir sosial layihənin mövzusu işğal altında olan torpaqlarımızdır

Məqsəd bu hadisələri əhalinin yaddaşında möhkəmləndirmək və əcnəbi qonaqların diqqətini cəlb etməkdir.

İyulun 22-dən Bakı metropoliteninin stansiyalarında işğal altında olan torpaqlarımıza həsr olunmuş növbəti sosial layihəyə start verilib.
Tədbir çərçivəsində “Azadlıq prospekti”, “Nəsimi”, “Elmlər Akademiyası”, “Nizami”, “28 May”, “Qara Qarayev”, “Neftçilər”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir.
Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etməkdir.
Stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması, əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır.





Bütün xəbərlər