03 Avqust 2016

Tələbələr Bakı metropolitenində təcrübə keçir

Məqsəd gənclərin inkişafına və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə dəstək olmaqdır

Avqustun 1-də “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupu iştirakçılarının metropolitendə təcrübə kurslarının başlanması ilə bağlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, həmçinin akademik və iş mühitləri arasında əlaqələri möhkəmlətmək üçün “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur bölmələrində onların yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasıdır.
Qeyd edək ki, Azərbaycan gənclərinin inkişafına dəstək olmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində zəruri işlər görmək metropolitenin mütəmadi həyata keçirdiyi layihələrdəndir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşəbbüsü və “Bakı Metropoliteni” QSC ilə birgə əməkdaşlıq çərçivəsində tələbələrin metropolitendə təcrübə keçmələri bu addımların davamıdır.
Layihəyə uyğun olaraq, metropolitenin müvafiq struktur bölmələrində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələrinə ixtisasları üzrə müvafiq sahələrdə təcrübə toplaması üçün bütün şərait yaradılıb. Təcrübə bir ay müddətində davam edəcək. Kursun sonunda iştirakçılara “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq ki, bu da metropolitendə çalışmaq arzusunda olan gənclərə verilən növbəti dəstəkdir.
Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC artıq iki ildir ki, ölkənin aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında əhəmiyyətli tədbirlər həyata keçirir. Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.





Bütün xəbərlər