15 Sentyabr 2016

Bilik Gününə həsr olunmuş aksiya keçirilib

«Elmlər Akademiyası»nın yenidən istifadəyə verilən vestibülündə keçirilən tədbir digər stansiyalarda davam edib.

Sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Bu gün, Azərbaycanın təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür. Bilik Günü münasibəti ilə Bakı Metropolitenində artıq ənənəyə çevrilən sosial yönümlü tədbir keçirilib. Paytaxtımızın ən mühüm təhsil və elm ocaqlarının, eləcə də dövlət müəssisələrinin yaxınlığında yerləşən «Elmlər Akademiyası» stansiyasının yenidən qurularaq sərnişinlərin istifadəsinə verilən əsas vestibülündə təşkil olunan bayram tədbiri daha sonra digər stansiyalarda davam etdirilib.
Bilik Günündə belə bir sosial layihənin keçirilməsində məqsəd metrodan istifadə edən məktəbliləri təbrik etmək, onlara yeni dərs ilində uğurlar arzulamaq olub.
«Elmlər Akademiyası» stansiyasının əsas vestibülünün yenidən sərnişinlərin istifadəsinə verildiyi bir tarixdə reallaşdırılan belə bir layihə məktəblilərlə yanaşı, sərnişinlərin də ovqatını yüksəldən hadisə kimi qarşılanıb.
Tədbirdə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və digər metropoliten mütəxəssisləri iştirak ediblər.
Bayram tədbiri daha çox bu il birinci sinifə gedən və ibtidai sinif şagirdlərinin ürəyincə olub. Məktəblilər arasında keçirilən maraqlı müsabiqədə metropolitenə aid sualları düzgün cavablandıran birinci sinif şagidlərinə, həmçinin metropolitendən istifadə edən məktəblilərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Bilik Gününə həsr olunmuş tədbirin keçirildiyi «Elmlər Akademiyası» stansiyasının əsas vestibülü bu gün - sentyabrın 15-dən yenidən sərnişinlərin üzünə açıqdır.





Bütün xəbərlər