19 Sentyabr 2016

Tələbələrin istehsalat təcrübə proqramı başa çatdı

Onlara metropolitendə təcrübə keçmələrinə dair sertifikatlar təqdim olunub

“Bakı Metropoliteni” QSC-nin Təhsil Nazirliyi ilə birgə layihəsi uğurla başa çatıb. Sentyabrın 17-si metropolitenin inzibati binasının akt zalında ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupunun üzvlərinə metropolitendə təcrübə keçmələrinə dair sertifikatların təqdim olunma mərasimi keçirilib.
Mərasimdə təcrübə proqramında iştirak edən gənclər, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, insan resursları şöbəsinin rəisi Azər İsmayılov, diaqnostika və metroloji təminat mərkəzinin rəisi Ebazer Arslanbekov iştirak ediblər.
Xatırladaq ki, təcrübə proqramından Azərbaycanın ali təhsil ocaqlarının daha çox 3-cü və 4-cü kurs tələbələri yararlanıb. Onlar Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat İnstitutu, Azərbaycan Texniki Universitetin tələbələridir. Layihə çərçivəsində gənclər “Bakı Metropoliteni” QSC-nin maliyyə, istismar və tikinti departamentlərinin bir sıra müvafiq şöbələrində 1 ay müddətində istehsalat təcrübəsi keçiblər.
Tələbələr təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq mərasimdə təqdimatla çıxış edib və metropoliten rəhbərliyinə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda tələbələrə metropolitendə təcrübə keçmələrinə dair sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan gənclərinin inkişafına dəstək olmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində zəruri işlər görmək metropolitenin mütəmadi həyata keçirdiyi layihələrdəndir. Belə ki, bu layihə tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, onlar arasında gələcəkdə metropolitendə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir.





Bütün xəbərlər