12 Oktyabr 2016

“Bakı Metropoliteni” QSC ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında memorandum imzalanıb

Məqsəd ailə, qadın və uşaq problemlərinin qarşısının alınması istiqamətində sosial yönümlü birgə layihələrin həyata keçirilməsidir.

Oktyabrın 12-si “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumun məqsədi ailə, qadın və uşaq problemlərinin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi üzrə sosial yönümlü birgə layihələrin həyata keçirilməsidir.
Tədbirdə “Bakı Metropoliteni” QSC-nin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
İmzalanma mərasimindən öncə qarşılıqlı əməkdaşlığın zəruriliyi vurğulanıb. Hər iki dövlət qurumunun birgə əməkdaşlığı nəticəsində ailələrin rifahının, gender bərabərliyinin, uşaqların sağlam inkişafının təmin edilməsi istiqamətində həyata keçiriləcək sosial layihələrin cəmiyyətimizə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə edilib.
Memoranduma əsasən Komitə tərəfindən Bakı Metropoliteninin əməkdaşları üçün ailə-nikah münasibətləri, erkən nikah, məişət zorakılığı və uşaq baxımsızlığı mövzularında təlimlərin təşkili, Bakı Metropoliteninin stansiyalarında 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş kampaniyaların təşkili, Bakı Metropoliteninə məxsus olan reklam lövhələrində və monitorlarda (texniki imkanlar daxilində) ailə, qadın və uşaq məsələlərinə dair məlumatlandırıcı vəsaitlərin, sosial-çarxların nümayişi, həmçinin bu istiqamətdə digər tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Sonda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Əməkdaşlıq haqqında Memorandumu imzalayıblar.





Bütün xəbərlər