12 Dekabr 2016

Ulu öndərin vəfatından 13 il ötür

Metropolitençilər onun xatirəsini daim ehtiramla yad edirlər.

13-cü ildir ki, Azərbaycan xalqı 12 dekabrı ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü kimi qeyd edir. Doğum günündə olduğu kimi, bu günlər də onun məzarı xalqın kütləvi ziyarətgahına çevrilir. Paytaxt Bakıda və ölkənin bütün bölgələrində ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur, ruhuna dualar oxunur.
“Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir” - deyən Heydər Əliyevin xatirəsi hər bir metropolitençi üçün çox əzizdir. Çünki 1967-ci ildə istismara verilmiş Bakı metropoliteninin inkişafının əsas mərhələsi məhz onun adı ilə bağlıdır. Sovet dövründə istər Azərbaycan, istərsə də SSRİ rəhbərliyində yer alarkən o, paytaxtın yeraltı nəqliyyat səltənətinə Moskvanın biganə münasibətinin qarşısını alaraq, onun inkişafına təkan verən addımlar atıb və şəhərin bu gün ən böyük yaşayış sahələrinə metronun uzanması məhz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün olub. Müstəqillik illərinin ilk dövrlərində də məhz Heydər Əliyevin bu nəqliyyat növünə verdiyi önəmin nəticəsidir ki, metropoliten mövcudluğunu qoruyaraq, ən nümunəvi nəqliyyat vasitəsinə çevrilib.
Bu gün Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar «Bakı Metropoliteni» QSC-nin kollektivi öz ənənəsinə sadiq qalaraq, Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.





Bütün xəbərlər