29 Dekabr 2016

İlin son sosial layihələri Yeni il bayramına həsr olunur

Şaxta baba və Qar qız sərnişinləri təbrik edib hədiyyələr payladı.

“Bakı Metropoliteni” QSC-nin reallaşdırdığı layihələr çərçivəsində ölkəmiz üçün əhəmiyyətli olan milli və dövlət bayramları, həmçinin əlamətdar təqvim günləri və hadisələrlə bağlı tədbirlər xüsusi önəm daşıyır.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, “Bakı Metropoliteni” QSC ilin son sosial layihəsini gerçəkləşdirib.
Yeni ilin gəlişi və bayram ab-havası artıq metronun stansiyalarında da hiss olunur. Belə ki, “Elmlər Akademiyası”, “28 May”, “Koroğlu”, “İçərişəhər”, həmçinin Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb. Sərnişinlərin gediş-gəlişinə mane olmayan, göz oxşayan bəzədilmiş şam ağacları bayram ərəfəsində insanlarda yeni il ab-havası yaradır.
Xatırlayırsınızsa, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ötən il dekabrın son günlərində də “Bakı Metropoliteni” QSC-nin reallaşdırdığı layihəni sərnişinlər ovqat yüksəldən hadisə kimi qarşılamışdılar. Həmin layihənin uğuru bu il də yeni tədbirləri keçirməyə əsas oldu.
Stansiyaların bayram ovqatında bəzədilməsindən savayı, dekabrın 28-29-da “28 May” stansiyasında sərnişinləri Yeni il bayramının əsas ənənəvi qəhrəmanları olan Şaxta baba və Qar qız salamladılar. Şaxta baba və Qar qız stansiya platformasına enərək, sərnişinləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik etdilər.
Hər kəsin, xüsusən də kiçik yaşlı sərnişinlərin, ürək sözünü diqqətlə dinləyən Şaxta baba Qar qızla birlikdə nəvələrini oxşadı, onların şeir və mahnılarını dinlədi və sözsüz ki, ənənəsinə sadiq qalaraq, metronun balaca sərnişinlərini torbasından çıxardığı maraqlı hədiyyələrlə mükafatlandırdı. Şaxta baba və Qar qız sərnişinlərlə birlikdə qatarlara minərək, yeni görüşlər ardınca növbəti stansiyalara yollandılar.
Yeni il bayramı ilə əlaqədar təşkil olunan bayram tədbiri iki gün davam etdi.





Bütün xəbərlər