02 Yanvar 2017

Bayram günlərində sərnişinlərə musiqi sovqatı

Dörd gün ərzində milli və dünya musiqi sənətinin inciləri təqdim olundu.

«Bakı Metropoliteni» QSC-nin sosial layihəsi çərçivəsində sərnişinləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə dekabrın 30-da Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərinin ifaları qarşılayıb.
Metronun «28 May», «Elmlər Akademiyası», «İçərişəhər» və Bənövşəyi xəttin «Memar Əcəmi» stansiyalarında simli kvartet dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini, milli musiqi üçlüyü isə Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarını ifa ediblər.
Bayram günlərində belə bir layihənin reallaşdırılmasında məqsəd sərnişinlərə yüksək əhval-ruhiyyə, xoş ovqat bəxş etməkdir. Canlı musiqi nümunələrini ayaq saxlayıb dinləyən sərnişinlər layihənin təşkilindən razı qalıblar.
Qeyd edək ki, musiqili bayram hədiyyəsi daha 3 gün - dekabrın 31-i, eləcə də 2017-ci il yanvarın 1-i və 2-si «28 May», «Elmlər Akademiyası», «İçərişəhər» və Bənövşəyi xəttin «Memar Əcəmi» stansiyalarında canlı musiqi ifaları davam etdirilib.





Bütün xəbərlər