06 Yanvar 2017

Metropolitençilər yeni ili xoş ovqatla qarşılayıblar

Beş günlük bayram tətilinin maraqlı və mənalı təşkili üçün bir neçə tədbir həyata keçirilib.

Artıq 2017-ci ilin əmək növbəsi başlandı. Əslində fasiləsiz iş rejimi ilə çalışan metropolitendə illərin əmək növbəsi də fasiləsizdir. Bunanla belə Yeni il bayramının xoş ovqatını hər bir metropolitençi yaşayıb. Beş günlük bayram tətillərinin təşkili üçün metropoliten rəhbərliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqı hər il olduğu kimi bir sıra bayram tədbirləri həyata keçiriblər. Metropolitençi ailələrinin 107 nəfər üzvü bayram günlərini Lerikdəki «Meşəbəyi» istirahət mərkəzində keçirib. Onlar dekabrın 31-də səhər nəqliyyat şirkətlərindən təqdim olunan «Mersedes» markalı avtobuslarla Lerikə yola düşüblər. Orada bayram səfərinin iştirakçılarına rahat, qış mövsümündə istirahət üçün hər bir şəraiti olan koteclər təqdim edilib, onlar gündə 3 dəfə yeməklə təmin olunublar. Yeni il axşamı istirahət mərkəzində metropolitençilərə bayram banketi, şou-konsert təşkil edilib. Sonrakı günlər istirahət ocağının rəhbərliyi müsafirləri Lerikin tarixi yerləri ilə tanışlıq ekskursiyasına dəvət edib. İstirahət proqramı digər tədbirlərlə də zəngin olub və dekabrın 4-ü günün birinci yarısına kimi davam edib.
Hər il olduğu kimi metropolitençi ailələrinin 8 mindən artıq 12 yaşa qədər uşaqları Bakının müxtəlif mədəni və idman mərkəzlərində - Azərbaycan Milli Dövlət Akademik Dram Teatrında, «ABU Arena» idman kompleksində, «Sərhədçi» olimpiya idman mərkəzində, Bakı Olimpiya Mərkəzində dekabrın 24-dən yanvarın 5-nə kimi təşkil edilən bayram şənliklərində iştirak edib, Şaxta babadan yeni il hədiyyələri alıblar.





Bütün xəbərlər