30 Yanvar 2017

Metropolitendə ilk dəfə fərqli istehsalat sahəsi yaradılır

Bu yenilik qənaət, səmərə, perspektiv, yeni iş yerləri və ölkə sənayesinin inkişafına töhfədir

«Bakı Metropoliteni» QSC-nin yaradılmasından sonra qatarların təmiri ən yüksək standartlar səviyyəsinə çatdırılıb. Əsaslı təmir üçün ölkə daxilində müvafiq zavod şəraiti olmadığından, 2013-2015-ci illərdə 5 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib. İşin əhəmiyyətini nəzərə alaraq, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı ciddi addımlar atıb.
2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. Əldə olunan səmərə və keyfiyyət sahənin inkişafına zəmin yaradıb. 2015-ci ildə vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə başlanılıb. Nəhayət, işlərin üçüncü mərhələsindən vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib.
Ümumilikdə, ötən dövr ərzində 18 qatar qum şırnağı ilə korroziyadan təmizlənərək, rənglənib. Onlardan 17-sinin vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirilib. Təmirə dayandırılmış son 9 qatarın salonu isə müasir LED işıqlanma sistemi ilə əvəzlənib. Bu isə öz növbəsində elektrik enerjisinin sərfinə qənaətdir.
Növbəti irimiqyaslı uğur maşinist kabinasının ön hissəsinin yerli şəraitdə dəyişdirilməsidir. İlk nümunədə Tbilisidə təmir olunan vaqonların üslubu qorunsa da, daha sonra metropolitenin tərəfdaşları ilə işbirliyi şəraitində Bakı metropolitenində özünəməxsus baş vaqonun xarici görünüşünün - yeni ön hissənin tətbiqinə başlanılıb. Xüsusi materialdan hazırlanan ön hissə korrroziyaya və fiziki təsirlərə davamlı, yüngül, etibarlı və təhlükəsizdir. Həm də kabina indi maşinist üçün daha rahat və əlverişli idarəetmə şəraitinə malikdir, yeni tipli iri güzgülər maşinistin görmə dairəsini genişləndirib. Vaqonun alın hissəsində elektron informasiya sistemi quraşdırılıb. Ümumilikdə, artıq 8 qatarda maşinist kabinasının ön hissəsi dəyişdirilib.
Bu müddətdə yeniliklərin estetik mahiyyətinə də diqqət edilib. Oturacaqların dəyişdirilməsi zamanı yerli xüsusiyyətli tərtibat elementlərinin tətbiqinə başlanılıb. “Bakı Metropoliteni” QSC-nin loqotipi həkk olunmuş oturacaqlar sərnişin salonunun estetik görkəminə əsaslı təsir edib.
Ötən dövr göstərir ki, qatarların ölkə xaricində deyil, məhz yerli şəraitdə əsaslı təmirinin təşkili külli miqdarda vəsaitə qənaətdir. Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitlə yanaşı, təmirin yerli tələblərə uyğun aparılması, keyfiyyətinin artırılması və xərclərin azaldılması əsaslı səmərə verib. Bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.
Onu da qeyd edək ki, yerinə yetirilən işlər daha 16 qatarın 3 saylı cari təmiri zamanı qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənməsinə də şərait yaradıb. «Nərimanov» elektrik deposunda tikilməkdə olan vaqonların əsaslı təmiri sexi isə bu sahədə kəskin dönüş yaradacaq.





Bütün xəbərlər