10 May 2017 0:00

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

“Bakı Metropoliteni” QSC-də Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində ehtiramla yad edilib.
Bu gün metropolitendə Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Bakı Metropoliteni” QSC kollektivinin təmsilçilərindən ibarət geniş bir qrup mayın 10-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Liderinin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilərək, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha sonra “Bakı Metropoliteni” QSC-nin depolar üzrə iş departamentinin iclas zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.
Tədbir zamanı əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov toplantı iştirakçılarını salamlayaraq tədbiri açıq elan edib. İdarə heyətinin sədri Zaur Hüseynov çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin respublikamızın bütün əmək kollektivlərində olduğu kimi, metropolitendə də daima ehtiramla yad edildiyini bildirib. Qeyd edib ki, Ulu Öndərin respublikanın inkişafına verdiyi töhfələrin sırasında metropolitenin də özünəməxsus yeri var. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə metro tikintisində canlanma baş vermiş, bir neçə yeni stansiyalar tikilib istifadəyə verilmişdir. 
Sonra “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov, tikinti departamentinin istehsalat-texniki şöbəsinin rəisi, baş texnoloq Maarif Musayev və Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov çıxış etdilər. 
Çıxışçılar Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər dövrü tariximizdə yeni mərhələlərin başlanğıcı kimi dəyərləndirdilər, Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan, Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətindən, onunla bağlı xatirələrindən danışdılar. Tədbirdə bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin hər sahəsinə ayırdığı diqqət və qayğıdan bəhs olundu.
Tədbirin yekununda “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov çıxış edərək, ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş və hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi kursun daha da inkişaf etdirilməsində metropoliten kollektivinin də bütün qüvvə və imkanlarını səfərbər edəcəyini qeyd etdi.





Bütün xəbərlər