22 May 2017

Sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması təmin olunub

İslam Oyunlarının həlledici futbol oyunları zamanı metropoliten xüsusi tədbirlər planına uyğun fəaliyyət göstərib.

IV İslam Həmrəyliyi Oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həlledici futbol görşləri zamanı da Bakı metropoliteni xüsusi tədbirlər planına uyğun fəaliyyət göstərib. Tədbirlər planına əsasən, qatarların hərəkət qrafikində də müvafiq dəyişikliklər edilib, ehtiyat qatarlar saxlanılıb.
Mayın 21-də keçirilən 3-cü yer uğrunda və final oyunları zamanı sərnişinlərin kütləvi axını nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında operativ qərargah fəaliyyətdə olub. Sərnişinlərin metropolitenin xidmətindən istifadə etməsi həmin plana uyğun olub. Hər iki qarşılaşma zamanı sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib. Sərnişinlərin böyük əksəriyyəti məhz metropolitenin xidmətindən istifadə etməyə üstünlük verib.
Metropoliten və Bakı metropolitenində polis şöbəsinin əməkdaşlarının birgə fəaliyyəti sayəsində sərnişinlərin hərəkəti nizamlanıb və metropoliten ərazisində heç bir xoşagəlməz hal qeydə alınmayıb. Digər stansiyalarda da metropolitenin rəhbər, mütəxəssis və işçi heyətindən ibarət mərkəzlər fəaliyyət göstərib.
Final oyunu başa çatdıqdan sonra hər növbəti qatarın stansiyaya daxil olma müddəti orta hesabla 1 dəqiqə təşkil edib. Gecə saat 01:00-da, heç bir tələbat olmadığından, metropoliten stansiyaları sərnişinlərin girişi üçün bağlanıb.
Qeyd edək ki, açılış mərasimi zamanı xüsusi tədbirlər planı ilə fəaliyyət göstərən Bakı metropoliteni yarışların keçirildiyi ötən günlər ərzində də sərnişinlərə nümunəvi xidmət göstərib.
Oyunların təqviminə əsasən, tədbirlərin keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimlənməsi nəzarətdə saxlanılır. Həmin günlər səhər saat 6-dan gecə saat 1-ə qədər işləyən metropoliten, bu gün - mayın 22-də keçiriləcək bağlanış mərasimi müddətində gecə saat 2-yə qədər işləyəcək. Zərurət olarsa, açılış mərasimində olduğu kimi, metropolitenin fəaliyyəti daha gec saatlara qədər uzadılacaq.





Bütün xəbərlər