23 May 2017

Bakı metropolitenindən qüsursuz xidmət

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində metropoliten gecə saat 02:00-a qədər açıq olub

Azərbaycanda təşkil edilən daha bir olimpiya miqyaslı idman tədbiri IV İslam Həmrəyliyi Oyunları mayın 22-də keçirilən təntənəli bağlanış mərasimi ilə başa çatıb. Həmin gün Bakı metropolitenində sərnişinlərin tədbirdən əvvəl və sonra mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib. Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən və əsas tamaşaçı kütləsinin istifadə etdiyi «Koroğlu» stansiyasında sərnişin axınının əsas istiqamətləri nəzərə alınaraq, mayın 22-də metropolitendə sərnişindaşıma xüsusi tədbirlər planına uyğun təşkil olunub. Tədbirlər planını nöqsansız yerinə yetirmək, bütün strukturların vahid mərkəzdən idarə olunmasını və qərarların operativ icrasını təmin etmək məqsədilə gün ərzində stansiyada operativ əməliyyat qərargahı fəaliyyət göstərib. Digər stansiyalarda da əsas qərargahdan idarə olunan və metropolitenin rəhbər, mütəxəssis, işçi heyətindən ibarət mərkəzlər qurulub.
Qatarların hərəkəti adi iş günlərindəki gur saatlarda tətbiq edilən qrafikə uyğun olub. Bundan əlavə, xətlərdə ehtiyat qatarlar saxlanılıb. Bu səbəbdən mərasim başa çatdıqdan sonra qatarlar hər 30-45 saniyə intervalla stansiyaya daxil olub. Zərurət olmadığı üçün gecə saat 02:00 dəqiqədə stansiyalar sərnişinlərin girişinə bağlanıb.
Müşahidələrə əsasən, bağlanış mərasiminin davam etdiyi müddətdə Bakı Olimpiya Stadionundakı tədbirdə iştirak edən tamaşaçıların 80 faizə yaxını metropolitenin xidmətindən istifadə edib. Əvvəldən elan olunduğu kimi, bu müddət ərzində akkreditə olunmuş şəxslərin bütün yarış günləri, açılış və bağlanış mərasimindən çıxaraq “Koroğlu” stansiyasına daxil olan bütün sərnişinlərin metropolitendən pulsuz istifadəsi təmin olunub.
«Bakı Metropoliteni» QSC-nin Bakı metropolitenində polis şöbəsi ilə vahid fəaliyyət planı sayəsində sərnişinlərin hərəkəti nizamlanıb və metropoliten ərazisində xoşagəlməz hallara yol verilməyib.
Ümumiyyətlə, Oyunlara yüksək səviyyədə ev sahibliyi edən paytaxtımızın daha bir təşkilati uğuruna «Bakı Metropoliteni» QSC də mədəni xidmət sahəsində öz töhfəsini verməyə çalışıb. İslam Oyunlarının keçirildiyi günlərdə metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Açılış mərasimində gecə saat 2:40 dəqiqəyə qədər sərnişinlərinin xidmətində olan metropoliten, yarış günlərində səhər saat 6-dan gecə saat 1-ə qədər işləyib. Bu dövrdə qüvvədə olmuş tədbirlər planına müvafiq qaydada sərnişinlərin metropolitendən rahat və təhlükəsiz istifadəsinə hər cür şərait yaradılıb.
Bunlarla yanaşı, «Bakı Metropoliteni» QSC İslam Oyunlarına dəstək, eləcə də ölkəmizin imicinin formalaşmasına xidmət göstərən bir neçə sosialyönümlü təşviqat və təbliğat aksiyası keçirib.
Bakının qonaqlarına yüksək mədəni xidmət göstərilməsi məqsədilə əlavə tədbirlər planı hazırlanıb. Buna uyğun olaraq, şəhərin xəritəsi işlənərək, onun üzərində əsas idman və sosial-mədəni obyektlərinin yer aldığı yaddaş kitabçaları sərnişinlərə paylanıb. Bu aksiyanın daha kütləvi xarakter alması məqsədilə həmin kitabçalar mehmanxanalara və iri ticarət mərkəzlərinə də verilib.
Oyunlar dövründə idman obyektlərinə və şəhər mərkəzinə yaxın stansiyalarda 30 metropoliten könüllüsü növbəli iş rejimində fəaliyyət göstərib. Bu təcrübə bir daha təsdiq etdi ki, bununla paytaxtımıza təşrif buyurmuş qonaqların həm metropolitendən rahat istifadə etməsinə, həm də paytaxtla daha yaxından tanış olmasına böyük töhfə verilib.
Şəhərdə Oyunların ab-havasının daha geniş yayılması, həmçinin yarışların təbliği və idmançılarımıza dəstək məqsədilə keçirilən sosial aksiyalar çərçivəsində stansiya və keçidlərdə təbliğat xarakterli əyani nümunələrdən istifadə olunub.





Bütün xəbərlər