31 May 2017

"Bakı Metropoliteni" QSC-yə təşəkkür məktubları daxil olub

İslam Həmrəyliyi Oyunları dövründə metrpoliten nümunəvi fəaliyyət göstərib

Mayın 12-dən 22-dək Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq ictimaiyyətin də etiraf etdiyi kimi, uğurla keçirilməsi, ilk növbədə, təşkilati məsələlərin yüksək səviyyədə həll edilməsi ilə bağlı olub. Nəqliyyat sahəsində sərnişinlərə, xüsusən də şəhərin qonaqlarına yüksək mədəni və təhlükəsiz xidmət göstərilməsi sahəsində Bakı metropoliteni kollektivinin rolu "Bakı Metropoliteni" QSC-yə daxil olmuş məktublarda əksini tapıb.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərovun, həmçinin IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə koordinasiya şurasının rəhbəri Vüsal Kərimlinin adından daxil olmuş məktublarda qeyd olunur ki, "Bakı Metropoliteni" QSC koordinasiya şurasının iclaslarında nəqliyyat məsələlərinin operativ şəkildə həll edilməsində əhəmiyyətli rol oynayıb. Bunun sayəsində Oyunlar ərəfəsi sınaq tədbirləri, xüsusi qələbəliyin müşahidə olunduğu açılış və bağlanış mərasimləri, yarışların keçirildiyi dövrdə, həmçinin fəaliyyətinin şəhər nəqliyyatı ilə əlaqəli şəkildə qurulmasında Bakı metropoliteni müvafiq tələblərə uyğun şəkildə nümunəvi xidmət göstərib. Həm koordinasiya şurasının iclaslarında iştirak edən "Bakı Metropoliteni" QSC-nin rəhbər şəxsləri, həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin binasında fəaliyyət göstərən Nəqliyyat Əməliyyatları Mərkəzində "Bakı Metropoliteni" QSC tərəfindən təyin edilmiş işçilər də yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstəriblər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirildiyi dövrdə "Bakı Metropoliteni" QSC-də xüsusi tədbirlər planı da hazırlanaraq, kollektiv gücləndirilmiş iş rejimində fəaliyyət göstərmişdi. Metropoliten açılış mərasimində gecə saat 02:40-a, bağlanış mərasimində 02:00-a, yarış günlərində isə gecə saat 01:00-a qədər fəaliyyət göstərib. Bakı Olimpiya Stadionunda keçirilən açılış və bağlanış mərasimləri, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən futbol turnirinin həlledici final oyunları günündə metropolitendə operativ əməliyyat mərkəzləri fəaliyyət göstərib. Metropoliten və Bakı metropolitenində polis şöbəsinin əməkdaşlarının birgə əməkdaşlığı şəraitində metropolitendə sərnişinlərin nizamlı hərəkəti təmin olunub və heç bir xoşagəlməz hal qeydə alınmayıb.
Bütün bunlarla yanaşı, sərnişinlərə, xüsusən də şəhərimizin qonaqlarına nümunəvi xidmət göstərilməsi məqsədilə namizədlər arasından seçilərək təlimat keçmiş metropoliten könüllüləri də şəhər mərkəzi və yarış arenalarına yaxın stansiyalarda növbəli iş rejimi ilə fəaliyyət göstəriblər. Bundan əlavə, sərnişinlərə üzərində şəhərin iri idman və sosial-mədəni obyektlərinin də qeyd olunduğu xəritələr olan yaddaş kitabçaları paylanılıb. Bu sosial aksiyanın daha geniş yayılması məqsədilə həmin kitabçalar şəhərin böyük mehmanxanaları və ticarət mərkəzlərinə də təqdim edilib. Oyunların təbliği, həmçinin idmançılarımıza dəstək məqsədilə metropolitendə bir sıra digər sosial xarakterli aksiyalar da təşkil olunmuşdu.





Bütün xəbərlər