28 Avqust 2017

Birinci olmaq səadəti

Həsrətlə gözlənilən gün

Tarix birinciləri sevir, yaddaşında onlara yer verir, adlarını əsrlərdən əsrlərə ötürür. Hər bir sahənin özünün birinciləri var. Elmi kəşflərdə, uca dağ zirvələrinin, kosmosun fəthində, hər hansı bir yolun yolçuluğunda birincilər olub. Eləcə də metronun 50 illik tarixi öz birincilərinin, ilk cığır salanlarının adlarını yaşadır.

 

.. Bakılıların həsrətlə gözlədiyi gün nəhayət ki, gəlib çatdı. Böyük Oktyabr İnqilabının 50 illik yubileyi ərəfəsində şəhərin yeraltı dünyası insanların həyat fəaliyyətinin yeni məkanına çevrildi. Bakı metrosunun mavi ekspresi ilk və tarixi reysinə çıxdı...
1967-ci ilin 6 noyabrı səhər saat 6-da Bakı Şəhər Sovetinin binasından bir qədər aralı, qala qapısının qarşısındakı kiçik ərazini uzun müddət idi ətrafdan təcrid edən çəpərlər artıq yox idi. Bu bazar ertəsi bir çoxları işə yollanmaq üçün evdən bir qədər tez çıxmışdılar ki, yolüstü metronun yeni stansiyasını heç olmasa, ötəri də olsa, görə bilsinlər.
salman_kabinada

Gecə növbəsindən evə qayıdanlar da yolunu o tərəfdən salır, ayaq saxlayıb həmin dövrün memarlıq ənənələrini özündə əks etdirən stansiya pavilyonu qarşısındakı izdihama qoşulurdu. Oraya axışan insanların izdihamı get-gedə böyüdürdü. Yerüstü vestibülün qarşısında quraşdırılmış tribuna açılış mərasiminin başlanmasına qalan vaxtın getdikcə azalmasından xəbər verirdi. Tribuna üzərinə mikrofonlar qoyulur, səsucaldıcı qurğuların işi yoxlanılırdı.

 

Təntənəli mitinq

Salman_1 Nəhayət tribunanın arxasında rəsmi şəxslərin görünməsi kütlədə canlama yaratdı. İnsanlar respublika partiya və hökumət rəhbərlərini, qabaqcıl inşaatçıları, Moskvadan, qonşu Gürcüstandan, Şimali Qafqaz Muxtar Respublikalarından gəlmiş qonaqları alqışlarla qarşıladılar. Metronun işə salınmasına həsr olunan təntənəli mitinqi Bakı Partiya Komitəsinin katibi A.Qədirov açdı. Sonra Bakı Tunel Tikintisi İdarəsinin rəisi Ə.Əbdürrəhimov metro inşaatçılarının şərəfli əməyindən danışdı. 

 Metronun birinci növbəsinin istifadəyə verilməsi münasibətilə inşaatçıları xalq şairi Süleyman Rüstəm, leytenant Şmid adına maşınqayırma zavodunun direktoru Həsən Seyidov, SSRİ Nəqliyyat Tikintisi nazirinin birinci müavini İ.Sosnov, Bakı Şəhər Hava Hücumundan Müdafiə Dairəsinin Siyasi İdarəsinin rəisi S.Çubarov təbrik etdilər. Mitinq başa çatdıqdan sonra qonaqlar stansiyanın yerüstü vestibülündən eskalatorlarla platformaya endilər.

 

İlk qatar yola düşdü

Perronda onları gül-çiçəklərlə, transporantlarla bəzədilmiş üç vaqondan ibarət qatar gözləyirdi. Saat 10.15 dəqiqədə maşinist Salman Ələkbərov və onun köməkçisi Arif Mirzəyevdən ibarət lokomotiv briqadasının idarə etdiyi qatar fit verərək hərəkətə gəldi. Vaqonlardakılar, stansiyadan onları yola salanlar da hərarətli alqışlarla bir-birilərini təbrik edirdilər. Bakı metrosu tarixinin ilk sətirləri belə yazıldı. Həmin qatarın maşinisti Salman Ələkbərov indi artıq dünyamızı tərk edib. O, metropolitençilərin birinci nəslinin əksər maşinistləri kimi, metropolitenə dəmir yolundan gəlmişdi.  qatarlar_1


Orada ağır yük, sərnişin qatarlarını idarə olunmasında ustalaşmış, yüksək peşə səviyyəsinə çatmışdı. Dəmiryolunda kifayət qədər tanınmış maşinist idi.
1929-cu il sentyabrın 1-də Bakıda anadan olan S.Ələkbərov gənc yaşlarından taleyini dəmir yoluna bağlamışdı. 2 saylı dəmir yolu məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, teplovoz, elektrovoz maşinistinin köməkçisi, maşinist işləmişdi. Bir səfər zamanı baş vermiş hadisə Salmanı bütün Azərbaycan və Zaqafqaziya dəmir yolunda tanıtdı.

Moskva Çovqunlu yanvar gecələrinin birində Bakı-Kiyev qatarı yüksək sürətlə şimala doğru irəliləyirdi. Bakı lokomotiv deposunun teplovoz maşinisti Salman Ələkbərov və onun köməkçisi Leonid Tıkvin gözlərini yoldan çəkmir, hava şəraiti onlardan daha böyük diqqət tələb edirdi. Dəvəçi – Sarvan mənzili ilə hərəkəti davam etdirərkən, uzaqdan hər iki yolu köndələninə kəsən nə isə bir qaraltı göründü.Qarşı tərəfdən də bir yük qatarının sürətlə həmin yerə yaxınlaşması vəziyyəti daha da mürəkkəbləşdirirdi. 

Qatarlar və naməlum əşya arasındakı məsafə isə getdikcə azalmaqda idi. S.Ələkbərov özünü itirmədən sürəti saatda 5 km-ə qədər azaltdı, qarşıdakı qatara dayanmaq işarəsini verdi. Üzbəüz gələn qatarın maşinisti işarəni qəbul edib, qatarı saxladı. Yolu kəsən isə küləyin qoparıb atdığı hansısa vaqonun dəmir damı idi. Fövqəladə vəziyyətdən bacarıqla çıxdıqlarına görə Salman Ələkbərova və onun köməkçisi Leonid Tıkvinə rəhbərlik tərəfindən təşəkkür elan edildi və pul mükafatı verildi.

 

Metro spesifik dəmir yoludur

1966-cı ildə metronun birinci rəisi Lütfəli Nuriyev yeraltı yollarda qatarları bacarıqla idarə edə biləcək maşinistlərin seçimi zamanı Salman Ələkbərovu da yaddan çıxarmır. 

fexri-1 fexri-2

Metroya dəvət olunanların siyahısına onun da adı daxil edilir. Metro qatarlarını idarə etmək istəyənlər arasında Salman kimi təcrübəli maşinistlər çox idi. Amma bu təcrübə onlara birbaşa yeraltı qatarın idarəetmə sükanı arxasına keçmək icazəsini vermirdi. Yerin altındakı yollarla üstündəkilər arasında fərqlər var idi. Ən böyük fərqlərdən biri hərəkətin intervalında idi. Yerüstü dəmir yolu qatarları arasında intervallar saatlarla ölçülürsə, metroda hər hansı verilmiş nöqtədən iki istiqamətdə saatda 20-30 qatar keçir, yəni interval 3-4 dəqiqə olur. Yolun üstündə bir neçə yüz metrlik tuneli olan dəmiryolçu həmin sahəni keçərkən, istər- istəməz özünü toparlayır, diqqətini cəmləşdirir və hətta bir qədər diskomfort şəraiti hiss edir. Amma metroda bütün yol məhz belə tuneldən ibarət olur, qatar elə bil nəhayətsiz nəhəng borunun içi ilə hərəkət edir. Əlbəttə, belə hərəkət şəraitinin öz tələbləri, təlimat qaydaları, qatarı idarəetmə rejimi var. Digər tərəfdən insanın psixoloji durumu də belə şəraitə uyğunlaşmağı, asimlyasiya olunmağı bacarmalıdır. Buna görə də metropolitenə cəlb olunan maşinistlər, yerüstü iş təcrübəsindən asılı olmayaraq, xüsusi kurslar keçməli idilər.
1966-cı ildə Moskva və Kiyev metropolitenlərində məhz Bakı metropoliteni üçün maşinist hazırlığı üzrə kurslar açılmışdı. Moskva kurslarının ilk müdavimləri arasında Salman Ələkbərovla yanaşı, ilk sınaq qatarının maşinisti Nağı Nağıyev, sonralar «Nərimanov» deposunun rəis müavini vəzifəsində işləyənlər Pirqulu Sultanov və Rafiq Salayev, müharibə veteranı Rauf Mehrəliyev, Gennadi Rozov, Aslan Abiyev, Şirzad Mikayılov, Avtandil Bayramov və başqaları da var idi. Burada adı çəkilənlərdən ancaq sonuncu iki nəfər hazırda sağdır.

Ali_Jale Salman Ələkbərov metroda da özünü bacarıqlı maşinist kimi tanıdıb. Qısa müddətdə daha gərgin hərəkət rejiminə alışıb. Metroda işlədiyi dövrdə dəfələrlə rəhbərliyin təşəkkürünü qazanıb. 1977-ci ildə Bakı metropoliteninin istifadəyə verilməsinin 10 illiyi münasibətilə və yubiley ilinin (Böyük Oktyabrın 60 illiyi) plan və sosialist öhdəliklərinin yerinə yetirilməsinə görə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Fəxri fərmanı ilə təltif edilib. Salman Ələkbərov dəmiryolçu kimi əmək fəaliyyətinin metropoliten dövründə böyük maşinistlər nəslinin yetişdirilməsində fəal iştirak edib. 

O, sovet dövründə dəmiryolçuluq məktəbinin dəmir intizamını metropolitenə gətirən nəslin nümayəndəsi idi. Bu intizam, vəzifə borcunun məsuliyyəti bu gün də metropolitençilər arasında qorunub saxlanılır və nəsillərdən nəsillərə ötürülür.





Bütün xəbərlər