18 Sentyabr 2017

Milli Musiqi Günü qeyd olundu

Stansiyalarda dahi bəstəkarın klassik və milli musiqisinin nümunələri səsləndi

«Bakı Metropoliteni» QSC-nin növbəti sosial layihəsi çərçivəsində Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun doğum günü münasibətilə sərnişin axını gur olan stansiyalarda musiqili proqram təşkil olunub.
Hər il sentyabrın 18-i respublikamızda dahi bəstəkarın anadan olduğu gün Milli Musiqi Günü kimi qeyd olunur. Bu il ölməz bəstəkarın anadan olmasının 132-ci ili tamam olur.
Üzeyir bəy Hacıbəyovun xatirəsinə hörmət əlaməti olaraq təşkil olunan ənənəvi musiqili layihənin əsas məqsədi Azərbaycan musiqi sənətinin bənzərsizliyini gənc nəslə bir daha xatırlatmaq və sərnişinlərə xoş ovqat bəxş etmək olub. Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifasında səslənən milli və klassik musiqi nümunələri sərnişinlərin ürəyincə olub.
“İçərişəhər” stansiyasında saat 12:00-da, “28 May”da 13:00-da, “Elmlər Akademiyası”nda saat 14:00-da və Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyasında saat 15:00-da simli kvartetin canlı konserti başlanıb. İfaçılar bir saat ərzində Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəyovun əsərlərini təqdim ediblər. Kvartetin çıxışı başa çatdıqdan sonra sosial layihə milli musiqi üçlüyünün ifası ilə davam etdirilib. Bu dəfə sərnişinlər Azərbaycan milli musiqisinin ən gözəl parçalarını dinləmək imkanı əldə ediblər.





Bütün xəbərlər