08 Yanvar 2018

Depoda yeni alçaldıcı yarımstansiya istifadəyə verilib

Yarımstansiya ilk dəfə olaraq yalnız bir tərəfdaşın avadanlığı ilə qurulub

Metropolitenin lokomotiv parkının, eləcə də əsas istehsalat sahələrinin yerləşdiyi "Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bununla metropolitenin infrastrukturunun fəaliyyətini təmin edən ən mühüm istehsalat, təmir-bərpa sahəsi olan deponun elektrik təchizatı ən müasir standartlar səviyyəsinə qaldırılıb.
Son illər depo ərazisində aparılan yenidənqurma işləri, yeni təmir-istismar, xüsusən istehsalat sahələrinin yaradılması böyük dəyişiklikləri zərurətə çevirmişdi. Çünki depo ərazisində 1967-ci ildən kiçik və dar məkanda fəaliyyət göstərən iki elektrik yarımstansiya istismar dövrünü başa vuraraq mövcud istehlakçı tələbinə cavab vermirdi.
Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin struktruna daxil olan "Bakımetrolayihə" İnstitutunun layihəsi əsasında yeni yarımstansiya inşa olunaraq məsələnin həllinə kompleks şəkildə yanaşılıb. Həm də metropoliten tarixində ilk dəfə yarımstansiyada yalnız bir tərəfdaş şirkətin - dünyada bu sahədə tanınmış şirkətlərdən biri olan "Siemens"in avadanlıqları quraşdırılıb. Bununla da fərqli avadanlıqların bir sistemin tələblərinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir.
İstismar müddətini başa vurmuş əvvəlki yarımstansiyada 1000 kVA gücündə üç transformator var idisə, yenisində eyni texniki parametrli, lakin daha müasir 1000 kVA-lıq iki və bir o qədər də 630 kVA-lıq yeni transformator quraşdırılıb. 1000 kVA-lıq transformatorlar güc, 630 kVA-lıq avadanlıqlar isə işıqlandırma şəbəkəsinin tələblərini ödəmək üçün nəzərdə tutulub. Bu iki şəbəkənin bir-birindən ayrılması metropoliten üçün vacib məsələ olmaqla, elektrik təchizatının sabit və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verir.
Yeni yarımstansiyada 6 kV-luq komplekt və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğular qoyulub. Paylayıcı qurğuların mühüm üstünlüyü avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Həmçinin bu bölmələrin yerindən çıxarılaraq yenisi ilə əvəzlənməsi də gələcək perspektiv baxımdan əhəmiyyətlidir.
Sahədə qoyulmuş helium tərkibli və hermetik akkumulyatorlar, quraşdırılmış yeni sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi, həmçinin müvafiq normalara uyğun ventilyasiya sistemi müasir standartların tələblərinə cavab verir.
İdarəetməni həyata keçirən mikroprosessor sistemli telemexanika şkafı müasir dövrün məhsuludur. Dövrün tələblərinə uyğun qurulan avtomatik iş yeri ilə yanaşı, bütün sistemin dispetçer idarəetməsinə tabe edilməsi də uğurla həllini tapıb.
Depo ərazisində mövcud olan digər alçaldıcı yarımstansiyanın yeni əsaslarla qurulması da davam etdirilir. Lokomotiv təsərrüfatının ehtiyaclarını ödəyəcək, həmçinin depo və park yollarındakı svetoforların və digər işarəvermə qurğularının elektrik cərəyanı ilə təmin edilməsinə xidmət göstərəcək bu yarımstansiya ilə "Nərimanov" elektrik deposunun elektrik təchizatı ən mükəmməl şəkildə təmin edilmiş olacaq.





Bütün xəbərlər