25 Oktyabr 2017

Bir strukturda başlayıb tamamlanan 45 illik peşə yolu

Avadanlıqların 70 faizi SSRİ məkanlarından gətirilirdi

Haqqında söz açdığımız metropolitenin əmək qəhrəmanlarının hər birinin təkrarolunmaz bir həyat yolu olub. Onlardan biri – Marat Bağırlını həm də metro tikintisi ilə istismarı arasında körpü yaradan bir təşkilatın canlı tarixi adlandırmaq olar. Çünki Tikilməkdə olan metropoliten müdiriyyəti yaradılandan onun təməlində dayananlardan olan Marat Bağırlı bütün sonrakı əmək karyerasını məhz bu sahə ilə bağlayıb, 2012-ci ildə əmək təqaüdünə də buradan çıxıb. Lakin bu gün də sahənin mütəxəssisləri ilə əlaqələrini kəsməyib: «Bu gün də əməkdaşlarımızla əlaqə saxlayıram, layihələr üzrə lazımi tövsiyələrimi verirəm. Beləcə ömürlük bağlandığım metromuza son nəfəsimə qədər faydalı olmaq istəyirəm».

 

45 illik bağlılığın əsas anları


1942-ci il martın 7-si Bakı şəhərində anadan olmuş Marat Bağırlının həyat hekayəsi nisgilli xatirə ilə başlayır:

Marat_Baqirli - Atam Mahmud Bağırlı Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri Mirbəşir Qasımovun məsləhətçisi olub. Böyük Vətən müharibəsi başlayanda 416-cı milli diviziyanın tərkibində siyasi rəhbər kimi döyüşlərə yollanıb. Mən dünyaya gələndən bir il sonra döyüş meydanında həlak olub. Atamı görmək mənə nəsib olmasa da, bütün həyatım boyu ona, adına layiqli övlad olmağa çalışmışam,

 - deyən Marat Bağırlı orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Keşlə maşınqayırma zavodunda tornaçı kimi ilk sənət təcrübəsini toplayıb. Bir il sonra Politexnik İnstitutunun (indiki - Texniki Universitetin) nəqliyyat fakültəsinə daxil olsa da, 2-ci kursda imtahan verib və yeni açılan avtomatika və telemexanika fakültəsinə keçib. Çətin həyat sınaqları onu həmin illərdə zəhmətə alışdırıb. O, Zaqafqaziya Federasiyası adına zavodda suvaqçı, betonçu kimi çalışıb. 1965-ci ildə institutu mühəndis-elektrik ixtisası üzrə əla qiymətlərlə bitirəndən sonra, hərbi xidməti də başa vuraraq, mütəxəssis kimi əmək yoluna qədəm qoyub. Əvvəlcə təhsil aldığı institutun hesablama kafedrasında böyük laborant olub. Tikilməkdə olan metropoliten müdiriyyətində isə əmək karyerasının sonuna qədər davam edəcək böyük yola 1967-ci ilin mayında, avadanlıqların komplektləşdirilməsi şöbəsinə böyük mühəndis kimi çıxıb. Şöbənin rəisi, müdiriyyətin baş mühəndisi, müdiriyyətin rəis müavini vəzifələrində çalışıb. Bu bağlılıq düz 45 il davam edib.

 

Tikintini istismara calayan bağ

1949-cu ildə yaradılan «Bakıbaştuneltikinti» İdarəsi Bakı metropoliteni tikintisinin baş podratçısı, “Metrodövlətlayihə” İnstitutunun “Bakımetrolayihə” filialı isə layihəçisi idi. Uzunmüddətli fasilədən sonra 1961-ci ildə metro tikintisində işlər yenidən canlananda, metropolitenin tikintisi üzrə müdiriyyətin təşkilinə ehtiyac yarandı. Bu təşkilat həm sifarişçi vəzifəsini yerinə yetirir, yəni texniki sənədləşməni, tikinti-quraşdırma işlərinin qəbulunu, inşası başa çatmış obyektlərin avadanlıqla təmin olunmasını, həm də tikinti işlərinin vaxtlı-vaxtında maliyyələşdirilməsini təşkil edirdi.
1965-ci il martın 25-də Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış Tikilməkdə olan metropoliten müdiriyyəti 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə metropolitenin strukturuna daxil edildi. "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra müvafiq struktur dəyişikliyinə və yeni qurumun gələcək inkişafına uyğun olaraq, perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamenti təsis olundu.
- Maraqlıdır ki, metronun inşasına nəzarəti həyata keçirən bu müəssisəyə ilk dövrlərdə “Bakıtunelmetrotikinti” idarəsinin rəisi Əlövsət Əbdülrəhimov özü rəhbərlik edib. Sonralar müxtəlif illərdə müdiriyyətə rəhbərlik edənlər də metro xətlərinin inkişafı üçün kollektivlə əl-ələ verib çalışıblar, - deyən Marat Bağırlı qeyd edir edir ki, tikilməkdə olan metropoliten müdiriyyətinin vəzifəsi təkcə metro xətlərinin inşasının layihələndirilməsi və tikintiyə nəzarətlə məhdudlaşmırdı, kollektiv həm də işlək yolun və metropolitenin digər qurğularının təkmilləşdirilməsi məsələləri ilə də məşğul olurdu.

 

İlk stansiyaların avadanlıqla təchizatı

O, metropolitendə işə başlayanda, artıq birinci növbənin əsas mərhələsi başa çatmışdı. Bakıda metropolitenin işə düşməsini şəhərin bütün sakinləri həsrətlə gözləyirdi.

- Açığı, o vaxt metropoliteni istismara hazırlayanlara xüsusi seçilmiş adamlar zümrəsi kimi baxırdılar. Hər yerdə - respublika Nazirlər Sovetində, İqtisadiyyat Nazirliyində, banklarda və digər müvafiq icra aparatlarında xüsusi hörmətlə qarşılanırdıq. Bütün məsələlər üzrə tezliklə qarşılıqlı anlaşma yaranırdı, necə deyərlər, döydüyümüz bütün qapılar, sözün həqiqi mənasında, dərhal üzümüzə açılırdı. Təbii, çətinliklərimiz də az olmurdu. Axı, qısa müddətdə bütün işlər yekunlaşmalı idi. Buna görə hətta müdiriyyətə metropolitendən işçilər cəlb olunurdu. Marat_Baqirli-1

Avadanlıqların 70 faizi isə SSRİ-nin ucqar məkanlarından – Baltik sahillərindən Uzaq Şərqə qədər bir coğrafi en boyunca səpələnmiş zavodlardan gətirilirdi. Həmin dövrdə keçmiş İttifaqın müxtəlif şəhərlərindən külli miqdarda avadanlıq alınırdı və hamısının sənədləşmə və ödənişini tikilməkdə olan metropoliten müdiriyyəti yerinə yetirirdi. Sonradan rəisi olduğum avadanlıq və komplektləşdirmə şöbəsinin işçiləri tikilən obyektləri avadanlıqlarla təmin edirdi, - deyən Marat müəllim xatırlayır ki, paytaxt Moskvadan Bakıya gətirilən məhsullarda çox problemlər yaranırdı, - ancaq ezam olunan işçilərin əmək coşqunluğu, fədakarlığı nəticəsində bütün çətinliklər aradan qaldırılırdı.

 

Sovet məkanı üçün nadir qərar

Yaranan problemlərə rəğmən, Marat Bağırlı məhz bu işə cəlb edilmiş insanların fədakarlığını xüsusi vurğulayır. Onların sayəsində metro qısa müddətdə istismara hazırlanıb.
- Stansiyaların tikintisində işarəvermə avadanlığının quraşdırılmasını, bir qayda olaraq, podratçı təşkilat yerinə yetirirdi. Lakin o vaxt qərara alındı ki, svetoforların, avtoblokların, rele otaqlarının avadanlıqlarını istismarçılar özləri quraşdırsınlar. Bu məqsədlə xüsusi komissiya yaradıldı və Əməkdar mühəndis, uzun illər Bakı metropoliteninin baş mühəndisi olmuş mərhum Elbrus Muradov komissiyaya rəhbər təyin edildi. İştismarçıların qurğuları özlərinin quraşdırması SSRİ metropolitenləri tarixində görünməmiş bir hadisə idi, - deyən Marat Bağırlı indiyə qədər heç kimin dilə gətirmədiyi maraqlı bir əhvalat da söyləyir, - Birinci növbənin buraxılışına hazırlıq vaxtı yoxlama dəstələri ilə gecə-gündüz tunelləri addım-addım gəzir, nəzarəti ciddi şəkildə icra edirdik. İlk sınaq qatarının xəttə verilməsi günü, yəni oktyabrın 16-sı mənim də daxil olduğum qrup "Nəriman Nərimanov" stansiyasından depoya qədər olan sahəni yoxlayırdı. Elbrus Muradovun başçılığı ilə yoxlama zamanı birləşdirilsə də, kabel dolablarının betonlanmadığını aşkar etdik. Təsəvvür edin ki, 2 saat sonra sınaq qatarı xəttə çıxmalıydı, amma dolabın belə tezliklə yerləşdirilib betonlanması mümkün deyildi. Çıxılmaz vəziyyətdə qalıb, kabelləri tunelin divarına söykədik ki, yola düşməsin. Təbii ki, sınaq qatarı keçdikdən sonra həmin gün problem aradan qaldırıldı. Bax, belə çaparaq rejimdə çalışırdıq. Ümumiyyətlə, metronun dövlət komissiyası tərəfindən qəbulu zamanı işarəvermə qurğularının quraşdırılması və sazlanması məqbul sayıldı.
Marat Bağırlı qeyd edir ki, belə yoxlama qruplarda quraşdırma və sazlama işlərini istismarçıların özlərinin yerinə yetirməsi avadanlıqların işi ilə yaxından tanış olmağa və onları dərindən öyrənməyə imkan verdi. Bu, hələ fəaliyyətə başlamayan Bakı metropolitençiləri üçün ilk təcrübə idi.
Marat Bağırlı tələskənlikdə görülən işlərdən bir əhvalat da danışarkən, sanki iki dövrün, iki fərqli nəsil avadanlıqlarını müqayisə edir:
- Buraxılış zamanı akkumulyatorların sazlanması da böyük çətinliklər yaradırdı. İndi akkumulyatorlar hazır, qapalı formada gətirilir və elektrik yarımstansiyasına yerləşdirilir. O vaxtlar isə Bakıda sulfat turşusunu tapmağın özü böyük hadisə sayılırdı. 20 litrlik balonlarla sulfat turşusunu «Qırmızı Ulduz» DRES-dən gətirirdik. Bir dəfə "Nizami" stansiyasında işçilərdən biri turşunu aparanda ayağı şpalın arasında qaldı və sındı, turşu dağıldı, amma xoşbəxtlikdən onun özünə xətər gəlmədi. Yəni, demək istəyirəm ki, həmin dövrdə əl əməyi daha çox idi. Metro, sözün həqiqi mənasında, fədakarlığını əsirgəməyən insan əllərinin zəhməti hesabına istismara verilib.

 

Ümummilli liderin danılmaz qayğısı

1967-ci il noyabrın 6-sı 9,2 km-lik “Bakı Soveti-Nəriman Nərimanov” sahəsi istifadəyə verildi. Lakin tikinti dayanmamışdı. Eyni qayda ilə yeni stansiyaların layihələndirilməsi, tikintisi, avadanlıq və materialla təmin olunması davam edirdi. Ancaq əsas maliyyə, təchizat çətinlikləri bundan sonra başlandı. Bu isə sahələrin tikintisini yubadırdı. Bunun qarşısını almaq üçün, Marat Bağırlının sözlərinə görə, hələ 1967-ci ildə “Bakıtunelmetrotikinti” İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov aparıcı mütəxəssisləri avadanlıqların gətirilməsi üçün SSRİ-nin bir neçə zavoduna göndərmişdi. Lakin ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra köklü dəyişikliklər başlandı.

Marat_Baqirli3 Heydər Əliyev bütün məsələləri gündəlikdə saxlayırdı. Sonrakı illərdə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Heydər Əliyev həm Bakı metrosunu, həm də onun tikintisini diqqətdən kənarda qoymurdu. Metronun növbəti xətlərinin tikintisinə lazım olan avadanlıqların, əlalxüsus “Nizami-Elmlər Akademiyası” xəttində çətin tapılan tübinqlərin əldə edilməsində onun böyük yardımı oldu.

- Bu gün bütün metropolitençilər ümummilli lider Heydər Əliyevin metropolitenə göstərdiyi diqqət və qayğıdan bəhs edir. Onun canlı şahidləri biz olmuşuq. Bilirdik ki, Ə.Əbrülrəhimov özü də şəxsən tez-tez Heydər Əliyevin qəbulunda olurdu. Çox yaxşı xatirimdədir, ikinci növbənin - 2,26 km-lik “28 May-Nizami” mənzilinin tikintisi zamanı maliyyə çətinlikləri ilə üzləşmişdik. Yalnız Heydər Əliyevin köməkliyi ilə metro tikintisinə 4 il müddətinə 14 milyon manat vəsait ayrıldı. Belə faktlar çox idi. Ən əsası, o, respublika rəhbərliyinə gələndən metropoliten tikintisində daha böyük canlanma başlandı.
Marat Bağırlı ulu öndərin iştirakı ilə keçirilən ilk açılış mərasimini xüsusi qeyd edərək bir məsələni də qabardır:
- 1970-ci il 17 aprel günorta saat 3-də ulu öndər Heydər Əliyevin birbaşa iştirakı ilə “Ulduz” stansiyasının açılış mərasimi keçirildi. Əməkdə fərqlənən metropolitençilərə, o cümlədən mənə xüsusi dəvətnamə verilmişdi. Bu, mənim üçün bir şərəf idi. Yeri gəlmişkən, ilk dəfə Heydər Əliyevi onda gördüm. Onun metro tarixindən və tikintisindən geniş və əhatəli çıxışını izləyənlər dərhal hiss edə bilirdilər ki, metro onun diqqətindədir, üstəlik, metronun inkişafına bundan sonra da xüsusi qayğı göstərəcək.
Tikilməkdə olan metropoliten müdiriyyətində çalışdığı illər Marat Bağırlını metro tikintisi barədə çox mətləblərdən agah edib: «Xüsusilə qeyd etmək vacibdir ki, tikintisi yarımçıq qalmış “Həzi Aslanov” stansiyasında inşaat işlərinin başa çatdırılması üçün 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü və nüfuzu sayəsində Avropa İttifaqı tərəfindən ölkəmizə təmənnasız qrant vəsaiti ayrılıb və bu stansiya 2002-ci ildə tikilib başa çatdırılaraq istismara verilib»

 

Ənənələr məktəbi


Tikilməkdə olan metropoliten müdiriyyətinin kollektivinin təməlində dayanmış veteranlar bu gün də metropoliten üçün doğmadırlar, hələ də güvəniləcək qüvvə hesab olunurlar. Marat Bağırlı tez-tez həmkarları ilə əlaqə saxladığını xüsusi qeyd edir:

- Müdiriyyət 25 stansiyanın layihələndirilməsi, avadanlıqla təmin olunması, tikintinin gedişatına nəzarəti uğurla həyata keçirib. Mən 23 stansiyanın layihəsində iştirak etmişəm, Bənövşəyi xəttin “Memar Əcəmi-Avtovağzal” stansiyalarının yalnız elektrik layihələndirilməsində əməyim olub. Çox sevinirəm ki, müstəqillik dövründən gələcək nəsillərə ötürüləcək yeni stansiyaların tikintisi üçün perspektiv inkişaf planı hazırlanıb, dövlət başçısı tərəfindən təsdiq olundu. Bu inkişaf planı metromuzun gəcələyidir. Biz veteranlar isə çətinliklərlə ərsəyə gələn bugünkü metronun inkişafından qürur duyuruq. Marat_Baqirli-4

Vaxtı ilə baş mühəndis H.Hümbətovla, baş mühasib A.Smirnova ilə, mühasib A.Vəliyeva ilə, şöbə müdirləri L. Muziçenko ilə, Q.Abramovla, A.Qibləliyevlə, anbardar H.Əliyevlə mehribancasına çalışmışıq. İndi də bayramlarda zəngləşib təbrikləşirik. Mən çox sevinirəm ki, Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində veteranları yad edirsiniz, diqqət göstərirsiniz. Bunun üçün «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynova və zəhmət çəkib bizim əməyimizə işıq saldığınız üçün metropolitenin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin kollektivinə təşəkkürümü bildirirəm. Metropolitenin inkişafı və perspektivli gələcəyi üçün yeni layihələrin icrasında «Bakı Metropoliteni» QSC-nin kollektivinə peşə uğurları arzulayıram.





Bütün xəbərlər