27 Oktyabr 2017

Ən yeni tarixin əsas inkişaf istiqamətləri

Yeni baxış və fərqli yanaşma tərzi ilə

Hər bir metropoliten üçün inkişafın və genişlənmənin ana xəttini yeni xətlər və stansiyalar təşkil edir. Bakı metropoliteni də bunda istisna deyil. Azərbaycan paytaxtının yeraltı polad magistralında son illərin ən əlamətdar hadisəsi, müstəqillik illərində ilk dəfə yeni xəttin istismara verilməsi oldu.
2016-cı il aprelin 19-da, perspektiv inkişaf planının ilk töhfəsi kimi Bənövşəyi xəttin birinci iki stansiyası - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verildi.
Yeraltı yollar şəbəkəsinə qoşulan 3-cü xətt metropolitendə məhz yeni texnoloji eranın başlanğıcı baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Şəhərdə əhalinin əsas axın istiqamətləri nəzərə alınaraq, bu xətt indidən 7 vaqondan ibarət qatarların hərəkəti üçün nəzərdə tutulur. Xətdə qatarların hərəkəti ən müasir radiokanal idarəetməsi CBTC, stansiyaların və bütün infrastrukturun idarə edilməsi isə SCADA sistemləri ilə həyata keçiriləcək. Texniki tələblərə uyğun olaraq bu sistemlər xəttin növbəti stansiyaları istismara veriləndə tətbiq ediləcək. Artıq burada ilk innovativ qərarların həyata keçirilməsi üzərində də fəal işlər aparılır. Təbii ki, bu işlərdə kadr hazırlığı ən əhəmiyyətli vəzifədir. Azərbaycan-Fransa biznes forumunda imzalanmış müqavilələrdən ikisinin tələblərinə uyğun olaraq, yeni sistemlərin tətbiqi ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq edən “Thales” şirkəti bununla yanaşı, kadrların hazırlanmasını da təmin edir. 2014-cü ilin oktyabr ayından başlayan bu prosesin ilk nəticəsi də var. Türkiyənin İstanbul metropolitenində, şirkətin Kanadanın Toronto şəhərindəki elmi-tədris mərkəzində hazırlıq kursları keçmiş kadrlar mənimsədikləri bilikləri yerli mütəxəssislərə öyrədirlər.
Yeni xətdə gələcəkdə inkişaf etdiriləcək müasir texniki və sosial-mədəni layihələrin ilk nümunələrini də görmək olar. Stansiyalar əhalinin müxtəlif sosial təbəqələrinin maraqları nəzərə alınaraq, liftlərlə təchiz olunub. Uzun keçidləri olan “Avtovağzal” stansiyasında isə sərnişinlərin hərəkət rahatlığı məqsədilə metropolitendə ilk dəfə travolatorlardan da istifadə olunub.
Söz yox ki, ötən müddət ərzində təkcə perspektiv planlarla bağlı işlər görülməyib. Əsas vəzifələr sırasında metropolitenin mövcud infrastrukturunun inkişaf etdirilməsidir. Mövcud xətlərin, stansiyaların müasir standartlar səviyyəsinə qaldırılması üzərində işlər geniş miqyasda aparılır.
Dərin özüllü stansiyalarda ikinci çıxışların istismara verilməsi ilə bağlı görülən işlər bu məsələlərin ən əhəmiyyətliləri arasında seçilir. Çünki bu işlər həm sərnişin təhlükəsizliyi, həm də xidmət səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Şəhərin elm-təhsil və dövlət müəssisələrinin sıx olduğu və bu səbəbdən metropolitenin giriş-çıxışlı stansiyalarından biri olan “Elmlər Akademiyası”nda ikinci giriş-çıxışın tikintisi uğurla başa çatdırılaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2015-ci il dekabrın 28-də istismara verildi. Bu çıxışın istismara verilməsi stansiyanı sərnişin istifadəsinə bağlamadan istismar müddəti başa çatmış eskalatorların yeni nəsil analoqları ilə əvəzlənməsini və eyni zamanda yuxarı vestibülün əsaslı təmirini də aparmağa şərait yaratdı. Burada aparılan yenidənqurma tədbirləri zamanı stansiyanın memarlıq elementləri bərpa edilməklə orijinallığı qorundu. Yeni tipli ventilyasiya sistemi tətbiq edildi və görmə qabiliyyəti məhdud sərnişinlərin səmti müəyyənləşdirməsi üçün xüsusi zolaq quraşdırılaraq 2016-cı ilin yeni tədris mövsümünün ilk günü sərnişinlərin üzünə açıldı. Bu yeniliklər ictimai rəğbət doğurduğundan təmir edilən digər stansiyalarda da həyata keçirilir.
Ötən müddət ərzində uzunmüddətli istismar şəraitində təmirə ehtiyacı olan stansiyaların da yeniləşdirilməsi istiqamətində əhəmiyyətli işlər yerinə yetirilib. Bir çox stansiyalarda, onların keçidlərində dövri və yaxud əsaslı təmir işləri aparılıb. “Elmlər Akademiyası” ilə yanaşı, eyni vaxtda açılmış “20 Yanvar” və “İnşaatçılar” stansiyalarında da istismar müddəti bitmiş eskalatorlar dəyişdirilib. Hazırda metropolitendə 94 eskalator, 8 travolator və 5 lift istismar olunur. Görülən tədbirlər nəticəsində avadanlıqların 71,3 faizi müasir standartlar və texnologiyalar həddinə çatdırılıb. Eskalatorların yeniləri ilə əvəzləndiyi stansiyalarda vestibüllərdə də əsaslı təmir işləri görülüb. Bunlardan savayı, “İnşaatçılar”, “Gənclik”, “Nəriman Nərimanov”, “Xalqlar dostluğu”, “Qara Qarayev” və “Neftçilər” stansiyalarının keçidləri, son iki stansiyanın isə həm də vestibülləri yenidən qurulub, “Xətai” stansiyasının tamamilə görkəmini dəyişmiş və müasirləşmiş orta zalı, birinci yolu və ona bitişik tuneli uzun müddətli təmirdən sonra istifadəyə verildi və ikinci yolda eyni işlərə başlanıldı. Cari ilin sentyabr ayında metropolitenin memarlıq incisi olan “Nizami” stansiyasında da əsaslı işlər başa çatdırılıb. Burada stansiya yolları ilə yanaşı, orta zal da əsaslı yenidən qurulub, pilonlar və onların arxa sahəsi yeni və daha davamlı inşaat materialları ilə təmir edilib, Nizaminin “Xəmsə”sinin motivləri əsasında işlənmiş pannolar bərpa edilməklə yeni həyat qazanıb.
Söz yox ki, təkcə stansiyaların modernləşdirilməsi deyil, həmçinin lokomotiv parkı müasir standartlar səviyyəsinə çatdırılmadan yeniləşmə kursu natamam görünər. Çünki bütün yeniliklərin təməlində sərnişindaşımanın keyfiyyəti dayanır. Ötən 3 il ərzində vaqon parkının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib. “Nərimanov” elektrik deposunun təmir sahələri iki il ərzində həyata keçirilən yenidənqurma işləri sayəsində 2016-cı ilin sonlarında ən müasir standartlar səviyyəsinə çatdırılıb. Təmir sexi tamamilə simasını dəyişməklə yanaşı, burada ən əsası, iş ahəngi və ardıcıllığının təmin edilməsi istiqamətində vaqon təmirinə yeni baxış gətirilib, struktur yenilikləri ilə funksionallıq ən yüksək həddə çatdırılıb. Müasir təmir bazasının əsas göstəriciləri sırasında əl əməyinin ən aşağı həddə salınması və xüsusi işlərin yerinə yetirilməsi üçün müasir avadanlıq, dəzgah və maşınların alınması qeyd olunmalıdır. Görülən tədbirlər nəticəsində metropolitenin öz təmir-istehsalat sahələrində təmir detalları və qovşaqların böyük qisminin hazırlanmasına da nail olunub ki, bu, qənaət və səmərəyə, ən əsası, kənardan ehtiyat hissələrlə təchizat asılılığının azalmasına gətirib çıxarıb. Hazırda 113 adda mexaniki detal və qovşaqdan 92-si metropolitenin öz bazasında hazırlanır. Nəticədə, qatarların mexaniki ehtiyat hissələrlə təminatında kənar müəssisələrdən, xüsusən də ölkə xaricindən asılılıq azaldılıb, təminatın operativliyi artırılıb, səmərə və qənaətə nail olunub. Ehtiyat hissələrlə təminat nəzarətə götürələrək təmir briqadalarının işi yenidən qurulub. Həmçinin onların sosial-məişət şəraiti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası müasir tələblər səviyyəsinə qaldırılıb. Həyata keçirilən tədbirlər səmərəsini verdi. 2014-cü il ərzində nasazlığa görə 520 qatar vaxtından əvvəl xətdən çıxarılmışdısa, 2015-ci ildə bu rəqəm 212-yə, 2016-cı ildə isə 152-yə enib. 2014-cü ildə metropolitenin normal iş rejimi 19 dəfə pozulmuşdusa, 2015-ci ildə 13, 2016-cı ildə isə 9 belə hala yol verilib.
“Bakı Metropoliteni” QSC-nin formalaşdığı dövrdə həyata vəsiqə qazanan layihələrin təməlini təşkil edən yeni baxış və fərqli yanaşma sərnişinə təhlükəsiz və mədəni xidmətin ana xəttinə çevrilərək metropoliten sisteminə daxil olan mühüm və mürəkkəb təsərrüfat sahələrinin də təkanverici qüvvəsi oldu.





Bütün xəbərlər