24 Noyabr 2017

Tunelçilər sırasının birincisi

Həyat yolunu dəyişən təsadüf

Onun metroya gəlişinin maraqlı tarixçəsi var. Orta məktəbi bitirdikdən sonra Bakı Sənaye Texnikumuna daxil olmuş, inşaatçı-texnik ixtisasına yiyələnmişdi. Fikrindəki Pribaltika respublikalarına gedib, orada iş tapmaq və əgər hər şey onun istədiyi kimi olarsa, elə oralarda da məskunlaşmaq idi. Lakin atasının qəfil ölümü Adilin bütün planlarını alt-üst etdi. Bundan sonra nə edəcəyini, həyatını necə quracağını bilmirdi. Məhəllələrində yaşayan Anatoli Bryukovla aralarında yaxınlıq var idi.

Bir gün Anatoli onlarda olarkən dedi ki, metroya işə düzəlirəm. Bu, 1967-ci ilin yanvar ayında olub. O vaxt metroya intensiv şəkildə işçi toplayırdılar. Anatoli metroda işləməyi Adilə də təklif edəndə, ondan qəti cavab almadı, amma ertəsi gün bir yerdə metro idarəsinə yollandılar. Adil işə qəbul məsələsini sənədləşdirməyə gedən dostuna yol yoldaşlığı etmək üçün evdən çıxmışdı. Onlar İnqilab 17 ünvanında yerləşən binaya daxil olanda, Anatoli Adili oradakı otaqlardan birinin qarşısında saxlayıb, "sən burada gözlə" deyərək, otağa keçdi.  Adil_Ahmad

Bir qədərdən sonra, oradan çıxarkən açıq qapı arasından Adili görən otaq sahibi Anatolidən soruşdu: "Bu oğlan kimdir?" Anatolinin cavabından sonra, həmin adam dedi: "Çağır onu içəri". Adil otağa daxil olub, özünü təqdim etdi: Əhmədov Adil Əli oğlu. Sonra ona təhsili, harada işləməsi barədə ünvanlanan suallara cavab verdi, hətta Litvaya getmək fikrində də olduğunu bildirdi. Metropolitenin formalaşmağa başlayan yol, tunel qurğuları və sanitariya texnikası xidmətinin baş mühəndisi Ələkbər Ələkbərov sanki bu oğlanı çoxdan tanıyırdı, mərhəmcəsinə: "A bala, Litva nədir, metro açırıq, sənin kimi mütəxəssislərə ehtiyacımız var. Get sənədlərinə gətir, səni götürək işə",- dedi. Səhəri Adil sənədləri ilə gəldi. İxtisasına görə onu yol, tunel qurğuları və santexnika xidmətinin tunel qurğuları distansiyasına texnik vəzifəsinə qəbul etdilər. Maraqlıdır ki, Adil həmin distansiyaya qəbul olunan ilk işçi, 1 nömrəli tunelçi idi. O vaxt distansiyaya heç rəis də təyin etməmişdilər.

Adil_Ahmad-02 İlk günlər o, tikinti işlərinin davam etdiyi "28 May-Gənclik", "Gənclik-Nəriman Nərimanov" sahələrini gəzib inşaatçıların işinə texniki nəzarət etmək tapşırığı aldı. Tunel distansiyasına rəis təyin edildikdən noyabr ayına kimi, demək olar ki, distansiya artıq formalaşmışdı. Amma bir müddət tunellərin vəziyyətini, tübinqlər arxasına məhlulun vurulma təzyiqini distansiya rəisi Çingiz Ağayevlə ikilikdə ölçür, tikinti normalarına riayət edilməsini nəzarətdə saxlayırdılar. Hətta, suvaq işlərinin də keyfiyyətinə diqqət ayırmaq lazım gəlirdi. Nəhayət, tunellərin əndazə ölçülərinin yoxlanması vaxtı çatdı. 

İlk əndazə çərçivəsini "Sahil" ("26 Bakı komissarı") stansiyasından "İçərişəhər"ə ("Bakı Soveti"nə) doğru aparan təsərrüfat qatarının platformasında əndazə ölçülərini yoxlayanlar arasında Adil də var idi. Qatar saatda 15 km/saat sürətlə irəliləyirdi. Əməliyyata "Metrotikinti"nin baş mühəndisi Sergey Vlasov rəhbərlik edirdi. Əndazədən çıxan kabellər dərhal yerinə oturdulur, kənarlaşmalar qeydə alınırdı. Birdən çərçivə nəyə isə ilişdi və motovoz bir yanı üstə qalxaraq, yoldan çıxdı. Yaxşı ki, xəsarət alan olmadı. Elə oradakı adamların köməkliyi ilə motovozu yoluna oturtdular və əndazə çərçivəsi hərəkətini davam etdirdi.

Metropolitendə işlədiyi 45 ildə Adil Əliyev yeraltı yollarda hərəkətin nizamını pozan neçə-neçə belə hadisələrin şahidi olub. Metronun işə salınmasından heç bir ay keçməmişdi ki, "Bakı Soveti" stansiyasının dönmə kamerasında tunel geyiminin arxasında yaranan yüksək təzyiq tübinqin tıxacını qopardı. Bütün sahə relsə qədər qrunt çıxıntıları ilə örtüldü. Qatarların hərəkəti dayandı. O vaxt hələ inşaatçılar tunellərdəki əyər-əskikləri aradan qaldırmaqla məşğul idilər və hadisənin daha ağır nəticələr verməsinin qarşısını almaqda istismarçılara kömək etdilər. Adil_Ahmad-03

Belə hadisələr çox olub. Hamısını yadda saxlamaq çətin olsa da, A.Əhmədov "Keşlə" dəmiryolu stansiyasının yük həyətindən axan güclü suyun portaldan "Nərimanov" stansiyasına doğru hərəkət edən qatarların yolunu kəsməsini də xatırlayır. Tunellər şəhər su və kanalizaya xətlərində yaranan qəzalardan da çox əziyyət çəkib, hərəkətə müxtəlif maneələr yaranıb.

Adil_Ahmad Adil Əhmədov metropolitendə fəaliyyətinin böyük, təxminən 40 ilə yaxın bir dövrünü hərəkətin təhlükəsizliyi məsələləri ilə məşğul olub. Bu sahə üzrə müfəttişlik aparatında sıravi müfəttiş, sonralar isə baş müfəttişin müavini olub. Adil müəllim deyir ki, müfəttiş çox çətin və məsuliyyətli vəzifədir. Onun nə məktəbi, nə kursu var ki, yaxşı müfəttiş olmağı oxuyub öyrənəsən. Hər şey, bacarıq, səriştə, fəhm uzun illərin təcrübəsi sayəsində qazanılır. Müfəttiş kimi yetişməsində aparatın rəhbəri, baş müfəttiş Fuad Ələkbərovun rolunu xüsusilə qeyd edir.

Adil Əhmədovla nədən danışırsan, danış sonda gəlib idman mövzusu üzərinə çıxırsan. Metroda işlədiyi ilk günlərdən müəssisənin idman həyatında fəal iştirak edib. Ən çox sevdiyi isə basketbol olub. Besketbolla hələ texnikumda oxuduğu illərdən məşğul idi. Metropoliten komandasının tərkibində oynayarkən şəhər birinciliyinin qalibi olub.

Həmin ilk turnirin keçirildiyi tarixi unutsa da, final oyununun gərgin anları yaddaşından silinməyib. "Dinamo" cəmiyyətinin açıq idman meydançasında "Zaqafqaziya Federasiyası" adına zavodun komandası ilə keçən həlledici oyunda metropolitençilər qalib gələrək, Bakı çempionu oldular. O görüşün tamaşaçıları arasında metropolitenin rəisi Lütfəli Nuriyev də var idi. Komandanın heyətində idarənin texniki şöbəsinin mühəndisi Çingiz Əliyev, böyük tunel ustası Leonid Tolstopyatıx, elektromexanika xidmətinin elektrik mexaniki Robert Starikov müxtəlif idman cəmiyyətlərində məşğul olurdular. Adil_Ahmad-06

Sonralar metro komandası dəfələrlə şəhər birinciliklərinin, Respublika Həmkərlar İttifaqı Mərkəzi Şurasının kubok yarışlarının qalib və mükafatçıları oldu.
Adil müəllim ömür yoldaşını da metropolitendə tapıb. Elektromexanika xidmətində işləyən Zemfira ilə ailə qurub. İndi hər ikisi pensiyaçıdır. Amma həmkarları ilə əlaqəni kəsməyiblər, metropolitenin həyatı ilə maraqlanır, yeniliklərilə tanış olurlar.

Adil_Ahmad_07 Adil müəllim ilk metropolitençilər nəslini layiqincə əvəz edən indiki gənc nəslin uğurlarına sevinir, onlarla fəxr edir. Gənclərə metropolitenin yarım əsr yaşı olan yaxşı ənənələrini qoruyub saxlamağı tövsiyə edir. Bir də ona görə sevinir ki, bu gün metropolitendə keçmişə böyük ehtiram var. Yeni nəslin tərbiyəsində bu, çox önəmlidir.  Bu da sözsüz ki, yeni rəhbərliyin idarəçilik, gənc nəslin və yeni kadrların hazırlığı sahəsindəki siyasətinin düzgün istiqamətindən irəli gəlir.

 





Bütün xəbərlər