03 Noyabr 2017 0:00

Yüksək xidmət mədəniyyəti fərqli münasibət, müasir texnologiyalar və yeni kadrlardan başlanır

İnfrastrukturun səmərəli fəaliyyəti hərtərəfli inkişafla mümkündür

Bakı Metropoliteni ilk baxışda polad relslər üzərində hərəkət edən qatarlar və stansiyalardan ibarət bir struktur təsirini bağışlasa da, özündə bir-birindən fərqli və mürəkkəb sahələri birləşdirir. Elə buna görə də metropoliten ayrıca bir sahənin deyil, bütün infrastrukturun birgə və səmərəli fəaliyyəti nəticəsində nümunəvi xidmət göstərə bilər. Bu mənada ötən müddətdə yeni dispetçer mərkəzlərinin istifadəyə verilməsi, təsərrüfatların avto və moto nəqliyyat vasitələrinə olan ehtiyaclarının ödənilməsi, yükdaşıma əməliyyatlarının səmərəliyinin artırılması üçün yeni hərəkət vahidləri alınıb, enerji təchizatı sistemində, işarəvermə və rabitə qurğularının işində həyata keçirilən yeniliklər, yeraltı yolların və tunellərin texniki vəziyyətinin yaxşılaşdırılması yeraltı yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini daha etibarlı şəkildə təmin edib.
Əksər sahələr işinin sürətinin, keyfiyyətinin təmin olunması məqsədilə müasir standartlara cavab verən texnoloji tələblər səviyyəsində yenilənir, yeni avadanlıq, cihaz və materiallar alınır. Bu xüsusda tunellərin sağlamlaşdırılması, tunel geyimlərinin korroziyadan mühafizəsi üçün iş prinsiplərinin yenidən qurulması və yeni boyaq maddələrinin tətbiqi xüsusi qeyd oluna bilər. Sahələrin işçi potensialı artırılmaqla yanaşı, müvafiq laboratoriyanın maddi-texniki bazası tamamilə yenidən qurularaq ən müasir cihazlarla təmin edilib. Bunun nəticəsində artıq metropoliten öz baza imkanları ilə boyaq maddələrinin, korroziyanın miqyasının təhlilini aparır, tərkibini öyrənir, yeniliklər tətbiq edir. Nəticədə bu işin sürəti, ən əsası, səmərə və keyfiyyəti dəfələrlə artıb. Ümumiyyətlə, tamamilə yenidən qurulmuş metrologiya və diaqnostika ilə bağlı sahələrin fəaliyyətində dönüş yaradılıb. 50-yə yaxın adda müxtəlif çeşidli yüzlərlə avadanlıq və cihazlarla təchiz olunmuş sahələrdə müasir iş sistemi qurulub, faydalı iş əmsalı, eyni zamanda, elmi-praktik potensialın inkişafına nail olunub.
Eyni tədbirlər istehsalat və təmir sahələrində də görülür. Elektrik deposu ilə yanaşı, metropolitenin müxtəlif sahələri üçün qeyri-standart tərtibatların, eləcə də digər mühüm istehsal ehtiyaclarının ödənməsində “kiçik zavod” rolunu oynayan metropolitenin birləşmiş emalatxanalarının bu istiqamətdə rolu artırılıb, burada texnoloji proseslər, istehsal gücü daha da zənginləşdirilib.
Metropolitendə sərnişindaşımaya hazırlığın, tunellərə qulluğun və digər əhəmiyyətli infrastruktur işlərinin ən əsas qismi gecə növbələrində aparılır. Bu işlərin təkanverici qüvvəsi metropolitenin motorels bazasıdır. Onun yeniləşdirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır. 4 yeni təsərrüfat qatarının istismara verilməsi bu sahədə dönüş yaratmaq üçün zəmin yaradıb. Bununla yanaşı, təmir-qəza işlərinin istər gecə, istərsə gündüz növbəsində də səmərəli şəkildə aparılması müvafiq sahələr - elektrik təchizatı, mühəndis qurğuları və tunel təsərrüfatı müasir avtolaboratoriyalarla təchiz olunublar. Həmin maşınlar əlavə generator, alətlər şkafı, dəzgah və qurğularla təmin olunub və 5 nəfərlik sərnişin salonları da var. Bütün bunlar hər hansısa hadisəyə operativ reaksiya verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
İstənilən inkişafın daşıyıcı sütunu insan resurslarıdır. Metropoliten kimi mürəkkəb və çoxşaxəli, həm də geniş profilli bir sahəni güclü peşəkar kollektiv olmadan idarə etmək mümkün deyil. “Bakı Metropoliteni” QSC yaranandan bu yana əldə olunan ən böyük nailiyyətlərindən biri müəssisə qarşısında bütün kəskinliyi ilə dayanan kadr hazırlığı məsələsinin rasional şəkildə həlli oldu. Bunda müasir tələblərə cavab verən təlim-tədris mərkəzinin yaradılmasının rolu xüsusidir. Mərkəzdə ən müasir texnologiyalarla işləyəcək kadrların yetişdirilməsi, metropolitençilərin və inşaatçıların peşə səviyyəsinin yüksəldilməsi, ixtisasının artırılması, ixtisas dəyişdirilməsi, kadr potensialının gücləndirilməsi, kadrların seçilməsi, işə qəbulu, onların səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması məsələlərinin həyata keçirilməsi sahəsində uğurlu addımlar atılır. Müasir sistemlərin tətbiqinə keçid, həmçinin əməyin səmərəli və yeni əsaslarla təmin edilməsi məqsədilə hər il tədris planı təsdiq edilir və kurslar fəaliyyətə başlayır. Tədris xidmət və sahələrin tələblərinə uyğun, həmçinin istehsalatdan ayrılmadan və dinləyicilərin əsas peşə fəaliyyətinə mane olmadan aparılır.
Fəaliyyət göstərdiyi 3 ilə yaxın bir müddətdə mərkəzdə müxtəlif peşələr üzrə, ümumilikdə, 1820 nəfər işçi ixtisasını artırıb, 470 metropolitençi peşə səviyyəsini təkmilləşdirib, 620 nəfər işçi isə yeni ixtisaslara yiyələnib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılması üzrə kurslarda iştirak edən 59 işçi vəsiqələr alıb. Ümumən 3 tədris mövsümünün yekunu olaraq təlim-tədris mərkəzində kurslara cəlb edilənlərin sayı 2362 nəfər olub.
Tədris mərkəzinin işində səmərəliyi təmin etmək üçün ölkənin və dünyanın bu sahələrdə aparıcı təhsil-tədris ocaqları ilə müntəzəm əlaqələr qurulub. “Bakı Metropoliteni” QSC ilə respublikanın üç ali təhsil müəssisəsi - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma uyğun olaraq universitetlərin tələbələri metropoliten obyektlərində təcrübə keçir, mərkəzdə təşkil olunan kursların məşğələlərində könüllü iştirak edirlər. Həmçinin Moskva və Sankt-Peterburq metropolitenlərinin nəzdində fəaliyyət göstərən təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələri qarşılıqlı fayda verməkdədir. Bunun nəticəsidir ki, AzMİU-nun bir qrup tələbəsi universiteti bitirdikdən sonra metropolitendə işlə təmin olunub. Bu xətlə 2016-cı ilin yayında SABAH qrupu üzvləri, həmçinin 2017-ci ilin yaz aylarında Dövlət Neft və Sənaye Universitetinin tələbələri metropolitendə təcrübə sınaqları keçiblər. Onların arasında bilik və bacarığı ilə seçilən tələbələr diqqətə götürülüb. Bundan savayı, stansiya növbətçisi və hərəkət qatarının maşinist köməkçisi ixtisasları üzrə metropoliten üçün kadrlar hazırlayan Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə də əməkdaşlıq edilir. Həmin mərkəzdə tədrisin səviyyəsinin bu gün metropolitenə uyğun səviyyəyə qaldırılması üçün həm nəzəri, həm də təcrübi yardımlar olunur.
Bakı Metropoliteni təsadüfən dövlətin xüsusi diqqət mərkəzində olan sahələrdən biri deyil. Onun şəhər üçün əhəmiyyəti danılmazdır. Axı bu nəqliyyat vasitəsi şəhər ictimai nəqliyyat sektorunda sərnişindaşımanın 30 faizə qədərini, müqayisə üçün qeyd etsək, ölkə üzrə 11 faizə yaxınını yerinə yetirir. Belə bir böyük məsuliyyəti öz üzərinə götürmüş sahədə xidmət mədəniyyətini yüksəltmədən haqqında söz açdığımız böyük uğurlar da kölgədə qalacaq. Bu mənada dünyada şəhər nəqliyyatının inteqrasiyası, ələlxüsus da vahid ödəmə sisteminin tətbiqi əhəmiyyətli mövzuya çevrilib. Bu istiqamətdə Bakı şəhərində ilk böyük addımın tərkib hissəsi məhz Bakı Metropoliteni oldu.
2015-ci il avqustun 8-dən paytaxtın “BakıKart” sisteminin tətbiqi ilə metropolitenlə yanaşı, həm də bir sıra yerüstü nəqliyyat vasitələrinin vahid ödəniş sistemində fəaliyyət göstərilməsinə başlanıldı. Metropoliten üçün bunun daha bir mühüm tərəfi oldu. Bununla avtomatlaşdırılmış ödəniş sisteminə keçildi və sərnişin tərəfindən gediş haqqının əldə olunması və ödənilməsində insan faktoru tamamilə aradan qaldırıldı. Nəticədə metropoliten stansiyalarında xəzinədarların fəaliyyətinə heç bir zərurət qalmadığından stansiyalardakı maliyyə-kassa əməliyyatı və xəzinədarlıq sistemi tam ləğv olundu. Beləliklə, yeni sistem sayəsində maksimum şəffaflıq təmin edilib, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsi yüksəlib.





Bütün xəbərlər