10 Noyabr 2017

Sosial layihələr yeni dövrə fərqli baxışın təkanverici qüvvəsidir

Cəmiyyət üçün ən dəyərli sosial layihələr meydanı

Cəmi 50 ildir fəaliyyətdə olsa da, Bakı Metropoliteni elə ilk illərdən şəhərin rəmzlərindən birinə çevrilib. Bu da təsadüfi deyil. Çünki metro ən kütləvi sərnişin nəqliyyatı vasitəsidir. Bütün bunlar Bakı Metropoliteninin bu şəhərin, ölkənin ictimai-sosial həyatının da tərkib hissəsi kimi böyük funksiyasını təsdiqləyir. “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra bunun əhəmiyyətini görən yeni rəhbərlik metropoliteni həm də ölkə, cəmiyyət üçün ən dəyərli sosial layihələr meydanına çevirdi.
Metropolitenin bu istiqamətdə görülən əməli tədbirlərindən bəhs edərkən hərəkətin təşkilinin imkan genişliyi və bütün potensialı “Bakı-2015” Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi zamanı aşkar göründü. Metropoliten hər iki oyunlara, xüsusən açılış və bağlanış mərasimlərinə lazımi nəqliyyat dəstəyi verməklə öhdəsinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi. Həmin günlər metromuz sərnişinlərə və paytaxtımızın qonaqlarına yüksək səviyyədə xidmət göstərdi. Bunu həmin tədbirlərdən sonra təşkilat komitələrindən və müvafiq səlahiyyətli strukturlardan daxil olmuş təşəkkür məktubları da əyani nümayiş etdirir.
Bütün bunlarla yanaşı, metropoliten könüllülər qrupu təşkil edərək şəhərin xəritəsinin üzərində metro stansiyaları, gediş haqqının ödənilməsi və metropolitendən istifadə qaydaları ilə yanaşı, paytaxtımızın gəzməli-görməli, sosial-mədəni, eləcə də idman obyektləri əks olunan xüsusi yaddaş kitabçaları hazırlayaraq təmənnasız paylamaqla şəhərimizə gəlmiş qonaqların xidmətində dayanıb.
Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC-nin həyata keçirdiyi sosial layihələr ictimaiyyətin diqqətini cəlb edir və maraqla qarşılanır. Bu layihələr cəmiyyətin ən aktual məsələlərinə münasibət və mövqenin formalaşmasında, milli-mənəvi dəyərlərin, mədəni irsimizin təbliğində, əhəmiyyətli və təsirli vasitələrdən birinə çevrilməkdədir. Metronun sərnişin axını daha çox olan stansiyalarında Həmrəylik Günü və Yeni il, Novruz bayramları, Milli Musiqi Günü və digər əlamətdar günlər münasibətilə canlı konsertlərin təşkili də artıq ənənə halını alıb və hər dəfə geniş ictimaiyyətin təqdirinə layiq görülür.
“Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının keçidlərində əsaslı təmir işləri aparılaraq müəyyən olunmuş xüsusi guşələrdə “Metro Galery” layihəsi çərçivəsində həyata keçirilən sosial yönümlü tədbirlərin təşkili xüsusi əhəmiyyət kəsb edir. İlk belə sosial sərgi 2015-ci il iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Nəriman Nərimanov” stansiyasının yeni təmir edilmiş keçidlərində təşkil olundu. Bir neçə ay davam edən rəsm sərgisi talassemiya və digər qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaq, eyni zamanda könüllü qan donorlarına olan ehtiyacı və zərurəti nümayiş etdirmək üçün təşkil olunmuşdu. Bu tipli layihələrin davamı olaraq “Gənclik” və “Nəriman Nərimanov”, Bənövşəyi və Yaşıl xətlərin “Memar Əcəmi” stansiyalarının keçidində “Dünya rəssamları” sərgisi, “Azərbaycan rəssamları” sərgisi, “Yüzminlərin izləyəcəyi rəsm sərgisi” nümayiş olunub.
Əlbəttə, metropolitençilər özləri də bu ictimai-sosial mühitin tərkib hissələridir. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin fəaliyyətinin və iş prinsiplərinin təməlində məhz insan faktoru, işçinin sosial varlığı dayanır.
2016-cı ildə metropolitendə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə də imzalanıb. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq beynəlxalq təcrübəyə uyğun hazırlanmış müqavilənin layihəsi kollektivin ən geniş müzakirəsi şəraitində qəbul edilib. Onun mahiyyətində məhz işçinin maraqlarını nəzərə alan faktorlar xüsusi yer tutur.
Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC yarandığı ilk günlərdən işçilərin sosial-məişət məsələləri xüsusi gündəmdə olub. 2014-cü ildə metropoliten rəhbərliyinin təklifi və dəstəyi ilə Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilk dəfə işçilərin ölkə xaricində kollektiv istirahətinin təməlini qoydu. Həmin ilin yay mövsümündə Gürcüstanın məşhur turizm və kurort şəhəri olan Kobuletiyə 435 nəfər bir həftəlik istirahətə göndərildi. Bu ənənə daha sonra qısa turist səfərləri ilə davam etdi. Mahiyyətinə görə bu, metropolitençilər üçün böyük sürprizə, hədiyyəyə çevrildi. İlk belə səfərdə əməkdə fərqlənən gənclər, daha sonra işində seçilənlər, cəmi 84 nəfər Yeni ili və Novruz bayramlarını Türkiyənin İstanbul şəhərində qarşıladılar. Onlar üçün qarşılanma, gün ərzində qidalanma, xüsusi turist marşrutu ilə səyahət də təşkil edilərək bu qısa səfər unudulmaz bir xatirəyə çevrildi. Lakin bu maraqlı səfərlər təkcə bununla kifayətlənmir. Ölkənin Lerik, Qəbələ, İsmayıllı, Nabran kimi səfalı və dilbər güşələrinə səfərlər də bu imkanlardan daha çox işçinin faydalanmasını təmin edib. 2015-2016-cı illərdə 1315 nəfər yollayışlardan istifadə edib. Yeri gəlmişkən, Metropoliten İşçiləri Həmkarlar İttifaqının xətti ilə respublika miqyaslı sanatoriyalara və istirahət məkanlarına yollayışların sayı və çeşidi də artırılıb. İlboyu 400-ə yaxın yollayışdan istifadə etmək imkanı yaradılıb. Bunlara paytaxtda yerləşən müalicəvi sanatoriyalarla yanaşı, regionlarda fəaliyyət göstərən müalicə-istirahət məkanları da daxildir.
Lakin metropolitençilər üçün ən doğma istirahət məkanı Bilgəh qəsəbəsində yerləşən sanatoriya-profilaktoriya və istirahət mərkəzidir. 40 ildən artıq fəaliyyət göstərən sanatoriya-profilaktoriya və istirahət zonası yenidən qurularaq istər işçilərin sağlamlığının təşkilində, istərsə də müasir istirahət prizmasından ən yüksək standartlar səviyyəsinə çatdırılıb. Bu yeniləşmə təklif olunan sosial və sağlamlıq proqramının daha geniş miqyasda təklif edilməsinə, tibbi xidmətin səviyyəsinin və çeşidinin artırılmasına təkan verdi. Hazırda sanatoriyanın tibbi heyəti (nevropotoloq, fizioterapevt və terapevt) metropolitençilərin müalicəsində işıq terapiyasından, inhalyasiyanın bütün növlərindən, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, maqnit terapiyasından, Naftalan və parafin müalicəsindən, impulsiv masaj və müalicəvi idmandan, ultrasəs müayinəsindən istifadə edir. 2015-2016-cı illərdə 2444 nəfər sanatoriya-profilaktoriyaya yollayışla təmin edilib. Onlar həm müalicə alıb, həm də ailə üzvləri ilə birgə dincəliblər.
Ərazidə daimi su, həmçinin kanalizasiya xətləri var, suqızdırıcılar qoyulub, otaqların mərkəzi sistem vasitəsilə istilik verilməsinə nail olunub, işıqlandırma sistemi tamamilə yeniləşdirilib, elektrik yarımstansiyası yenidən qurulub, qazanxana quraşdırılıb. Sanatoriya-profilaktoriyanın müalicə otaqlarında tibbi-müayinə avadanlığı ABŞ, İtaliya, Çexiya istehsalı olan tibbi-müayinə cihazları ilə əvəzlənib. Sanatoriyada dincələnlərin, müalicə kursu keçənlərin qidalanması da fərqli şəkildə təşkil olunub.
Ərazidə birmərtəbəli evciklər ləğv olunaraq kottec tipli müasir iki və üçmərtəbəli 5 yeni bina inşa olunub ki, bu da dincələnlərin sayının artmasına şərait yaradıb. Otaqlar çox gözəl və rahatdır, bütün lazımi avadanlıqla - mebel, televizor, duş otağı, mətbəxi qab-qacaq və digər avadanlıqlarla təchiz edilib.
Abadlaşma işləri çərçivəsində sensorlu idarəetmə sistemi ilə təchiz olunmuş müxtəlif rəng çalarları olan fəvvarəli yeni park salınıb. Mini-futbol, çimərlik voleybolu, basketbol meydançaları, uşaqlar üçün dəniz qumu tökülmüş guşə, yelləncəklər, iri fiqurlu şahmat meydançası, tennis stolları qurulub, köşklər qoyulub, oturacaqlar yenilənib, üstüörtülü parkinq istifadəyə verilib və bütün bunlar istirahət mərkəzini ən müasir tələblər səviyyəsinə qaldırıb. Qeyd edək ki, 2015-2016-cı illərdə ərazidəki kotteclərə isə 744 yollayış verilib.
Metropolitenin əksər istismar strukturlarının, təmir və istehsalat sahələrinin yerləşdiyi “Nərimanov” elektrik deposunın ərazisində böyük abadlıq işləri görülməklə işçilərin asudə vaxtlarının, istirahət saatlarının mədəni təşkilinə nail olunub. Yeni salınmış və oturacaqlarla təchiz olunmuş, gəzinti cığırları salınmış, müxtəlif növ ağaclar əkilmiş, gül-çiçək bağları yaradılmış park, şəxsi avtomobillərin saxlanması üçün parkinq inşa olunub, torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş metropolitençilərə yeni xatirə abidəsi ucaldılıb. Burada sosial-məişət qayğılarının həlli baxımından da əhəmiyyətli yeniliklər edilib. “Nərimanov” elektrik deposu ərazisində süni örtüklü mini-futbol və voleybol-tennis meydançaları işçilərin asudə vaxtlarının təşkilində xüsusi rol oynayır. Sağlamlıq mərkəzi işçilər arasında məşhurdur. Onlara peşəkar işçi heyəti xidmət edir. Fəhlə yeməkxanası və xüsusən də onun mətbəxi əsaslı təmir olunub, bütün avadanlıqlar, iaşə əşyaları dəyişdirilib və bununla xidmət mədəniyyətinin səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəldilib. Bu xüsusda, işçilərə güzəştli, həm də nağd ödənişsiz nahar yeməklərinin verilməsi xüsusi qeyd olunmalıdır. Təkcə “Nərimanov” elektrik deposunda deyil, eyni zamanda müəssisənin müxtəlif obyektlərində yerləşən yeməkxanaların fəaliyyət göstərməsi fərqli sahələrdə çalışan daha geniş işçi heyətinin bu güzəştlərdən istifadə etməsi deməkdir.
Bu gün Bakı Metropoliteninin 50 illik yubileyinə xüsusi hazırlaşan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin zəhmətkeş kollektivi əzmlə və fədakarlıqla xalqımıza yüksək nəqliyyat xidməti göstərmək üçün yorulmaq bilmədən çalışır, metronun inkişafı sahəsində dövlət başçısının tapşırıqlarının vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bacarıq və qüvvəsini əsirgəmir.





Bütün xəbərlər