20 Noyabr 2017

Vladimir Kazıyev vəfat edib

ALLAH RƏHMƏT ELƏSİN!

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində təcrübəli mütəxəssis, metropolitençilər nəslinin ilk nümayəndələrindən və lokomotiv təsərrüfatının mükəmməl bilicilərindən biri, istedadlı dəmiryol mühəndisi Vladimir Akif oğlu Kazıyev 2017-ci il noyabrın 18-də ömrünün 70-ci ilində vəfat edib.
Vladimir Kazıyev 1947-ci il iyunun 4-də Bakıda dəmiryolçu ailəsində dünyaya gəlib. O, əmək fəaliyyətinə dəmiryolunda başlayıb.
Vladimir Kazıyev Bakı Metropolitenindəki peşə fəaliyyətinə 1970-ci il avqustun 8-də “Nərimanov” elektrik deposunda vaqon baxıcısı kimi başlayıb, maşinist köməkçisi, maşinist, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, xidmət rəisi işləyib. Əməyin elmi təşkili, kadrların, xüsusən də maşinistlərin yetişdirilməsi və onlarla işin aparılması, sosial məsələlərə baxış, iş yerlərinin müasir tələblərə uyğunlaşdırılması sahəsində onun səmərəli təklifləri olub. Vladimir Kazıyev uzun müddət - 2004-2014-cü illərdə Bakı Metropoliteninin rəis müavini vəzifəsində çalışıb.
2014-cü il avqustun 12-dən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində təcrübəli mütəxəssis kimi çalışmış Vladimir Kazıyevin elektrik deposunda qurğu və avadanlıqlarının saz vəziyyətdə saxlanılması, onlardan daha səmərəli istifadə olunması, qabaqcıl texnologiya və yeni texnikanın tətbiq olunması, əmək proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsində özənəməxsus xidmətləri olub. O, əmək fəaliyyəti dövründə qazandığı təcrübəni həm müəssisə rəhbərliyi, həm də sıravi əməkdaşlarla paylaşıb, istedadlı mühəndislik və bacarıqlı təşkilatçılıq qabiliyyəti, insanlarla işləmək bacarığı ilə kollektivin rəğbətini qazanıb.
Vladimir Kazıyevin əmək xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, 1991-ci ildə “Fəxri dəmiryolçu” döş nişanı, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Təcrübəli mütəxəssis, bacarıqlı təşkilatçı və təvəzökar insan Vladimir Akif oğlu Kazıyevin əziz xatirəsi “Bakı Metropoliteni” QSC kollektivinin qəlbində daim yaşayacaqdır.

ALLAH RƏHMƏT ELƏSİN!

 





Bütün xəbərlər