30 Dekabr 2017

Şaxta baba sərnişinlərin görüşünə retro vaqonda gəlib

Bəzədilmiş qatar dörd gün xətdə olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Bakı Metropoliteni" QSC daha bir neçə sosial layihəsini gerçəkləşdirib.
Sərnişinlərin bayram ovqatını yüksəltmək məqsədilə keçirilən bu tədbirlərdən biri xüsusilə seçilir.
Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız üçüncü ildir ki, metroda sərnişinləri təbrik edirlər. Bu il isə onlar stansiya və qatarlarda sərnişənlərin qarşısına fərqli şəkildə çıxıblar. Xətdəki qatarlardan biri başdan-başa Yeni ilin əsas rəmzi elementlərilə bəzədilib.
Qatarda diqqəti çəkən əsas məqam onun orta vaqonunun qeyri-adiliyidir. Bakı metropoliteninin 50 illik yubileyi günlərində sərnişinlərə təqdim edilən bu "retro vaqon" SSRİ-nin birinci metropoliteni olan Moskva metropolitenində xəttə çıxan ilk qatarın tərkib hissəsini təşkil edib.
Metropolitenin Yeni il qatarı xəttə Şaxta baba və Qar qızla daxil olub. "Bakmil" stansiyasında nostalji ovqatlı vaqona minən Yeni ilin qəhrəmanları "Nəriman Nərimanov" stansiyasında sərnişinləri salamladıqdan sonra, həmin qatarla "İçərişəhər" stansiyasına üz tutublar. Burada da əsatir qəhərəmanları sərnişinləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edərək, onlara arzu və diləklərini çatdırıblar. Xüsusən azyaşlı sərnişinlərin ürək sözlərini dinləyən Şaxta baba Qar qızla birlikdə nəvələrini oxşayıb, onların şeir və mahnılarını dinləyib və sözsüz ki, ənənəsinə sadiq qalaraq, torbasından çıxardığı maraqlı hədiyyələri uşaqlara paylayıb. Daha sonra Şaxta baba və Qar qız retro vaqonda sərnişinlərlə birlikdə yeni görüşlər ardınca növbəti stansiyalara yollanıblar. Onlar retro vaqonlu qatarla "Həzi Aslanov" stansiyasına qədər gedərək, həmin hərərkət tərkibi ilə yenidən "İçərişəhər" stansiyasına qayıdıblar.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin qərarına əsasən, xüsusi bəzədilmiş retro vaqonlu qatar dekabrın 30-dan yanvarın 2-dək müvafiq qrafik və cədvəl üzrə Qırmızı ("İçərişəhər-Həzi Aslanov") xətdə hərəkət edəcək. Bununla sərnişinlərə bayram günləri ərzində bəzədilmiş qatar və ilk metro vaqonu ilə tanış olmaq imkanı veriləcək.
Metropolitenin sərnişinlərinə bayram sovqatı bununla kifayətlənmir. Şəhər mərkəzinə yaxın və sərnişin axını gur olan "İçərişəhər", "28 May", "Koroğlu", "Elmlər Akademiyası", Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzəkli, əl-əlvan işıqlı şam ağacları quraşdırılıb.
Həmçinin son illərdə formalaşmış ənənəyə uyğun olaraq, sıx sərnişin axını olan dörd stansiyada daha bir sosial layihə reallaşdırılacaq. Bu gündən "İçərişəhər" (saat 12:15-13:45), "28 May" (saat 13:15-14:45), "Elmlər Akademiyası" (14:15-15:45) və Bənövşəyi xəttin "Memar Əcəmi" (15:15-16:45) stansiyalarının vestibülündə konsert proqramları təşkil edilir.
İncəsənət ustalarının çıxışı yanvarın 2-dək davam edəcək.
Sərnişinlərin nəzərinə onu da çatdırırıq ki, Dənizkənarı bulvarda planlaşdırılan bayram şənliyi ilə əlaqədar metropolitenin işi 1 saat uzadılıb. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 01:00-a qədər stansiyalar sərnişinlərin üzünə açıq olacaq.





Bütün xəbərlər