16 Mart 2018 14:10

"Sahil" stansiyasında eskalatorların sazlanmasına başlanılıb

Memarlıq işlərinin başlanması təmirin vaxtında yekunlaşacağını göstərir

Bakı metropoliteninin 2017-ci ilin avqust ayının 21-də yenidənqurulmasına başlanmış "Sahil" stansiyasının təmir-bərpa işləri planlı surətdə davam etdirilir. 50 il əvvəl istismara verilmiş stansiyanın eskalatorları istismar müddəti başa çatdığı üçün yeniləndiyini və bu səbəbdən sərnişinlərin giriş-çıxışı üçün bağlandığını nəzərə alaraq, burada əsaslı təmir, yenidənqurma və bərpa işləri də aparılır. Çünki ağır hidrogeoloji mühitin təsirləri ilə, eləcə də uzunmüddətli istismar dövründə stansiyanın sıradan çıxmış və köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturunun yenilənməsi günün qaçılmaz tələbi idi.
Ötən müddət ərzində köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb. Xatırladaq ki, sökülmüş "LT-3" tipli 3 eskalatorun əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 yeni avadanlıq quraşdırılıb. Lakin 4 eskalatorun quraşdırıldığı "28 May" stansiyasından fərqli olaraq, burada hər bir avadanlığın eni bir metrdir, həmçinin eskalatorlara giriş-çıxış, enişdə olduğu kimi, yuxarıda da eyni xətt üzrə yerləşəcək. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.
Quraşdırma işləri iki mərhələdə yerinə yetirilib. Hər mərhələdə iki eskalator quraşdırılıb. Hazırda eskalatorların sazlanmasına başlanılıb. Bu mərhələ texniki normativlərə uyğun olaraq, iki ay yarım davam edir. İşlər çərçivəsində pillə zolaqları və digər elementlər bərkidilir, müvafiq tələblərə uyğunlaşdırılır, qaçış sınağı üçün hazırlanır. Bu işlərə paralel olaraq, eskalator üzərində işıqlandırma sisteminin qurulması hazırlıqlarına da başlanılıb. Plana uyğun olaraq, ilk eskalatorun aprel ayının ilk yarısında sınaqdan çıxarılaraq qoşulması gözlənilir.
Digər təmir-bərpa işlərinə gəlincə, artıq stansiyanın memarlıq tərtibatı üzərində də fəal işlərə başlanılıb. Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtüyünün vurulmasına başlanılıb. Yol divarlarında qranit örtüyün vurulması, qatar hərəkətinə mane olmamaq məqsədilə yalnız gecə növbəsində yerinə yetirilir.
Artıq divarların keramoqranit təbəqəsinin, həmçinin döşəmənin qranit örtüyünün vurulmasına başlanılıb. Bu isə o deməkdir ki, uzunmüddətli istismar dövründə, o cümlədən hidrogeoloji şəraitin təsiri ilə korroziyaya uğramış və dayanıqlığını itirmiş bir çox konstruksiyaların möhkəmləndirilməsi başa çatdırılıb. Bu xüsusda pilonların, platforma boyunca stansiya yollarının, yol divarlarının metal köynəyinin, kollektor səviyyəsindən başlamaqla, metal torlar vasitəsilə gücləndirilməsi, korroziya əleyhinə boyaqla rənglənməsi, döşəmə örtüyü ilə alt tavanın dəyişdirilməsi, eləcə də, üzlük örtüyün vurulması üçün müvafiq konstruksiyaların yığılması başa çatdırılıb.
Stansiyada təhlükəsizlik və sərnişin rahatlığının əsas tələbləri, memarlıq tərtibatının tərkib hissəsi kimi işıqlandırmanın da erqonomik tələblərə uyğunluğu müzakirə olunaraq, qərar verilib. Hazırda platformanın orta zalının divarlarında, eləcə də tavanda işıqlandırma sisteminin qurulması ilə bağlı ilkin işlərə başlanılıb.
Qeyd edək ki, orta zalın tavanının suaxarlarla təmin edilməsi və müvafiq örtük qatı ilə yönləndirilməsi işləri başa çatdırılıb. İki stansiya yolundan birində də bu işlər tamamlanmaq üzrədir. Bu işi sürətlə və daha keyfiyyətlə icra etmək məqsədilə stansiya yolu boyunca qatarların hərəkətinin əndazə tələblərinə cavab verən xüsusi konstruksiya qurulub. Təhlükəsizlik tələblərinə maksimum cavab verən konstruksiya işlərinin gündüz saatlarında da aparılmasını mümkün edib.
Bu xüsusda onu da əlavə edək ki, bu işlərə qədər tunel geyiminin çətiri, qaynaq üsulu ilə olmaqla metal profilləri və korroziyaya uğramış bərkidici elementləri sökülüb, axıntılar ləğv edilib, tunel geyimi korroziyadan təmizlənməklə müasir korroziya əleyhinə boyaqla rənglənib və yeni örtüyün metal-konstruksiyası quraşdırılıb.
Bunlardan savayı, platformaaltı sahə tamamilə yenidən qurularaq, müvafiq infrastruktur büsbütün yenilənib və müasir tələblərə uyğun şərait yaradılıb, havalandırmanın normal təminatı məqsədilə tədbirlər görülüb. Bu işlər çərçivəsində divarlarda da yararsız hala düşmüş hissələr sökülüb, yeni sütunlar qoyulub, daşıyıcı divar boyunca yeni rigellər düzülüb, dəmir-beton konstruksiyadan yeni karkas yığılıb və betonlanıb. Hazırda burada istismar üçün nəzərdə tutulmuş son təmir işləri aparılır, həmçinin yerli və çirkab suvurma qurğularının, işarəvermə və rabitə avadanlıqlarının quraşdırılması yerinə yetirilir.
Stansiya yolunda yerləşən xidməti otaqların yeni avadanlığının və iş şəraitinin yüksək standartlara cavab verən tələblərinə uyğun inşa olunmasına başlanılıb.





Bütün xəbərlər